Dünən qadınlar arasında kiçik Dünya çempionatı hesab olunan, "FİDE Women Speedchess" onlayn şahmat superturnirinin bütün iştirakçıları məlum oldu.
Sevindirici haldır ki, iyunun 10-da start götürəcək və dünyanın demək olar bütün güclü qadın şahmatçılarının iştirak edəcəyi yarışda Azərbaycanın da təmsilçisi olacaq. Bu seçmə mərhələni uğurla başa vuran son Azərbaycan çempionu Gülnar Məmmədovadır. Qeyd edək ki, yarışda Gülnardan başqa daha 15 şahmatçı mübarizə aparacaq. Bunlar FİDE tərəfindən xüsusi dəvət olunan Çin şahmatçıları Xu Yufan və Ley Tinqji, hindistanlı Xampu Koneru, rusiyalılar Katerina Laqno və Aleksandra Kostenyuk, Ukrayna şahmatçısı Anna Muzıçyuk, Bolqarıstan təmsilçisi Antoaneta Stefanova və ABŞ-nı təmsil edən İrina Kruşdur. Dəvətli şahmatçılardan başqa Gülnar Məmmədova kimi seçmə mərhələni uğurla başa vuran hindistanlılar Harika Dronavalli və Vaişali, rusiyalı Valentina Qunina, ukraynalı Yuliya Osmak, Peru şahmatçısı Deysi Kori, gürcü Nana Dzaqnidze və qazaxıstanlı Bibisara Assubayeva iştirak edəcəklər. Yarış Chess.com Tv-dən canlı yayımlanacaq.