SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Arkadiy Dvorkoviç : "O təkcə Azərbaycanın deyil,...." (MÜSAHİBƏ)

Ötən ay Şəmkirdə keçirilən və  dünyanın ən güclü şahmatçılarının toplaşdığı "Vüqar Həşimov Memorialı"-nın fəxri qonağı olmuş FİDE prezidenti Arkadiy Dvorkoviç, ölkəmizə səfəri zamanı "Region Plyus"  nəşrinin korrespondenti Sənan Şəfizadəyə geniş müsahibə verib. Müsahibəni olduğu kimi sizlərə təqdim edirik.


- Müsahibəyə razılıq verdiyiniz üçün təşəkkür edirik. Bu artıq sizin FİDE rəhbəri kimi Azərbaycana ikinci səfərinizdir. Yanvarda Bakıda oldunuz, indi isə Şəmkir turnirində qonaqsınız.

- Çox şadam ki, Şəmkirə gəlmişəm. İlk dəfədir buradayam. Kiçik və sakit şəhər təsiri bağışlayır. İki gün şəhər barədə fikir bildirmək üçün kifayət deyil. Amma Bakıda olduğu kimi burada da insanlar çox qonaqpərvərdir.

- Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2019 superturniri haqqında fikirlərinizi bilmək maraqlı olardı.

- Superturnir yüksək səviyyədə təşkil olunub. Ən çox bəyəndiyim yarış zalıdır. Şahmatda oyun zalı çox önəmlidir. Bu mənada zal sanki bu turnir üçün inşa olunub. Partiyaların rəsmi saytda canlı yayımı, şahmatçıların yerləşdirilməsi və digər məqamlar ən yüksək səviyyədədir. Ümumiyyətlə Azərbaycan üçün böyük yarışların təşkili problem deyil. Zəngin təcrübəniz var. Vüqar Həşimov Memorialı unudulmaz şahmatçının adınalayiq təşkil olunur. Hər il Rusiya şahmatçıları da yarışa böyük həvəslə qatılır.

Vüqar Həşimovun adına belə möhtəşəm yarışın keçirilməsini yüksək qiymətləndirirəm. O təkcə Azərbaycanın deyil, dünyanın aparıcı şahmatçılarından biri olub. Vüqarın adı gələndə hörmət, alicənablıq yada düşür. Həmişə rəqiblərə hörmətlə yanaşıb. Asan qazandığı qələbələr zamanı belə həmkarına alicənablıq nümayiş etdirib. Şahmat dünyası Vüqarı heç vaxt unutmayacaq.

- Növbəti dəfə Maqnus Karlsenin qələbə qazanması onun digər şahmatçılardan çox üstün olduğunu göstərmir?

- Əlbəttə belədir. Karlsenin oyunu daha çox maraq doğurur. O, dünyanın ən güclü şahmatçısıdır. Burada əsas fərq budur. Onun fərqləndirici xüsusiyyəti partiyalar zamanı diqqətini maksimum dərəcədə öz oyununa kökləməsi və öz üzərində çox işləməsidir. Maqnusun uğurunda komandasının böyük rolu var. Köməkçiləri, məşqçi heyəti bütün kənar işləri həll edir. Karlsenin işi yalnız şahmat oynamaqdı.  

- Bu fonda Rusiya şahmatçılarının çıxışı o qədər də uğurlu alınmadı...

- Ümumiyyətlə belə turnirlərdə qələbə qazanmaq çox çətindir. Asan rəqib olmadığı üçün nəticənin necə olacağını proqnozlaşdırmaq olmur. Rusiya şahmatçılara gəldikdə, Sergey Karyakin və Aleksandr Qrişuk maraqlı partiyalar nümayiş etdirdi. Karyakin yarışı üçüncü pillədə başa vurdu.  

- Maqnus Karlsen iştirak etdiyi əksər yarışlarda çempion olur. Demək olar ki, şahmatda Maqnus dövrünü yaşayırıq?

- Haqlısınız. Çempion tituluna sahib olandan sonra onunla mübarizə aparmaq çox çətindir. Norveçli şahmatçı işinin peşəkarıdır. Ən yaxşı köməkçilərdən ibarət komanda formalaşdırıb və hər yarışda maksimum nəticə uğrunda yarışır. Maqnus Karlsenin dövrü onun aşkar hegemonluğu ilə seçilir. Onu dayandırmaq üçün iki dəfə güclü olmaq gərəkdir.  

- Ali şahmat qurumuna rəhbər seçiləndən sonra hansı dəyişikliklər gözlənilir?

- Dəyişikliklər hər zaman FIDE-nin Prezident Şurasının konfransında təsdiqlənir və qərarlar bu yolla verilir. Verdiyim sözləri yerinə yetirmək üçün güclü komandamız olmalıdır. Bunun üçün bir çox güclü qrossmeysteri komandaya cəlb edirik və şahmatı bütün dünyada daha da sevdirməkdən ötrü əlimizdən gələni edirik. Dünyanın hər yerində şahmat məktəblərinin açılmasını istəyirik. FIDE-nin daxilində rəsmi vəzifələrin az azı 25 faizini qadın əməkaşların tutmasını arzulayırıq. Şirkətlərlə müqavilələr imzalayırıq. Hazırda bir proqram üzərində çalışırıq. Bütün məlumatların internet vasitəsi ilə əlçatan olması üçün şahmat bazası yaradılır.

FIDE yeni sponsorların cəlb olunmasıyla bağlı çoxlu sayda görüşlər keçirib. Rəsmi turnirlərdə mükafatların artırılması ola bilər. Eyni zamanda yeni yarışlar da olacaq. Hazırda müzakirələr gedir. Yaxın vaxtlarda rəsmi açıqlamalar verəcəyik. FIDE-nin bütün beynəlxalq idman təşkilatlarıyla əməkdaşlıq etməsini istəyirik. Yarışlarımızın daha yaxşı təşkili naminə işlər aparılacaq. Dünyada daha çox insanın şahmat oynamasına çalışacayıq. Həm də şahmatçıların bütün yarışlarda həvəslə iştirakını təmin etmək üçün layihələrimiz var. Sadəcə bizə müəyyən vaxt lazımdır.  

- Şahmatda heç-heçələr çoxalıb. Mütəxəssislər bərabər partiyalara görə şahmata olan marağın azaldığını deyir. Qaydalarda dəyişiklik barədə düşünürsünüzmü?

- Şahmatda heç-heçə daha məntiqli nəticədir. Xüsusən ona görə ki, güclü zəka sahibləri - qrossmeysterlər oynayırlar. Məsələn, futbolda qələbəyə 3 xal verilir. Bu il Stavanger turnirinin təşkilatçıları qərara alıblar ki, klassik şahmatda qələbəyə 3 xal verilsin. Heç-heçə təqdirində isə onlar armagedon oynayacaqlar. Armagedonda isə qələbəyə üçdən az xal veriləcək. Bu şahmatçıları qələbəyə sövq edəcək. Biz bu yeniliyin necə nəticələnəcəyini gözləyəcəyik. Gələcəkdə bəzi yarışlarda reqlamentə əlavələr olacağını gözləmək olar.  

- Beynəlxalq Şahmat Federasiyası Azərbaycanla əməkdaşlığı hansı səviyyədə quracaq. Azərbaycan Şahmat Federasiyasıyla birgə layihələriniz gözlənilirmi?

- FIDE seçkilərindən sonra rəhbər postlarda azərbaycanlıların sayı artıb. Komandamda yer alan Mahir Məmmədov hazırda ali şahmat qurumunda vitse-prezident kimi çalışır. Üstəlik ayrı-ayrı komissiyalarda həmyerliləriniz çoxdur. Bu da təsadüfi deyil. Azərbaycanda hər zaman şahmat ənənələri olub. 2015-ci ildə Dünya Kuboku, ardınca isə Ümumdünya Şahmat Olimpiadası Bakıda təşkil olundu. Şahmatçılar Azərbaycanda keçirilən yarışlara böyük həvəslə gəlir. Çünki təşkilatçılıq həmişə üst səviyyədə olub.

İyunda Bakıda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Prezident Şurasının iclası keçiriləcək. Bizim üçün çox mühüm tədbirdi. Vacib məsələlər müzakirə ediləcək. Gələcəkdə də əməkdaşlığımız sıx olacaq. 


- Qarşıdakı illərdə Bakıda və ya digər şəhərlərimizdə hansısa beynəlxalq yarışın təşkili gözlənilirmi?

- Azərbaycan şahmat üzrə daha bir beynəlxalq turnirə ev sahibliyi edə bilər. Bu barədə FIDE rəsmisi Mahir Məmmədov jurnalistlərlə görüşümüzdə məlumat verdi. FIDE ilə 2019 və 2020-cu illər üçün qadınlar arasında Qran-pri yarışının bir mərhələsinin Azərbaycanda keçirilməsi ilə bağlı danışıqlar gedir.

- Dediniz ki, Azərbaycan şahmat ənənələri olan ölkədir. Bəs ölkədə şahmatın indiki inkişafını necə qiymətləndirirsiniz?

- Azərbaycan şahmatın daim inkişafda olduğu ölkədir. Bir neçə şahmatçınız daim FIDE reytinqində yüksək yerləri tutur. Digər tərəfdən əldə olunan nəticələr sualınıza cavabdır. Milli komandanız üç dəfə Avropa çempionatında qızıl medal qazanıb. Bütün yarışlarda favorit qismində çıxış edir. Fikrimcə federasiyanız şahmatın hazırkı vəziyyətindən razı olmalıdı.  

- Bizə vaxt ayırdığınız üçün təşəkkür edirik.

- Həmişə mediaya vaxt ayırmağa hazıram. Şahmatın inkişafında əməyiniz danılmazdır. Biz mediayla birgə çalışmalıyıq



скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss