SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Namiq Quliyev :"Mən Azərbaycanla yaşayıram ,Azərbaycanla nəfəs alıram. Mən Fransada ona görə yaşayıram ki.... "

Chess.az saytı olaraq öz maraqlı layihələrimizi davam etdiririk. Bu dəfə biz , çoxdandır ki ,xəbər almadığımız ,Fransada yaşayan Milli komandamızın sabiq üzvü qrossmeysterimiz Namiq Quliyevdən müsahibə almaq qərarına gəldik. 

Bizim bu təşəbüsümüzü müsbət cavablandıran qrossmeyster ,Chess.az saytına olduqca maraqlı müsahibə verib.

Müsahibəni olduğu kimi sizlərə təqdim edirik. 


Bu haqsızlığı uşaqlara necə izah edə bilərdim?


- Salam Namiq müəllim. İşləriniz necə gedir?  

– Salam. Təşəkkür edirəm. Hər şey yaxşıdır ,işlər də öz qaydasında gedir.

–Hazırda Fransada yaşayırsız. Ölkəni nə vaxt və niyə tərk etmisiniz? 

– Mən 2003-cü ilin fevral ayindan etibarən Fransada yaşayıram. Ölkəmi də ,necə deyərlər öz istəyimlə tərk etmədim. Bunun çox ciddi səbəbləri olub. Qısaca izah etməyə çalışacam ,çünki səbələrin hamısını danışsam çox uzun çəkər .Hətta bu barədə kitab da yazmaq olar. 

Belə ki, 2002-ci ildə kişilər arasında Azərbaycan çempionatında 3-cü yer tutdum. Amma buna baxmayaraq Azərbaycan Şahmat Federasiyası məni yığma komandaya dəvət etmədi. Bu mənim üçün sürpriz oldu. Həmin il yığmaya ölkə çempionatında məndən aşağıda qərarlaşan iki şahmatçı dəvət olunub ,mən isə yığmadan kənarda qaldım. O vaxtlar mən Bakıda ,Nəsimi rayonunun ixtisaslaşmış şahmat məkətbində məşqçi işləyirdim. Mən bu haqsızlığı dərs dediyim uşaqlara necə izah edə bilərdim? Soruşurdurlar ki ,sizi niyə yığmaya dəvət etməyiblər ,nə deyəcəyimi bilmirdim. Həm də bu kimi hallar o hadisəyə qədər də baş verirdi. Bu mənə çox pis təsir etdi. Düşündüm ki ,onsuzda AŞF-da nələrisə dəyişmək bizdən asılı məsələ deyil .

Təəsüf ki ,uzun illər keçsə də ,bu gün də vəziyyət dəyişməz olaraq qalır. Ona görə də ,Moskvada keçirilən "Aeroflot Open 2003" turnirindən həmən sonra qərara gəldim ki ,gedirəm. Moskvadan birbaşa Fransaya yollandım. Və o vaxtdan Fransada yaşayıram. 

–16 ildir orda yaşayırsınız. Nə vaxtsa Fransa bayrağı altında çıxış etmək ürəyinizdən keçdimi? 

-Xeyr. İlk iki ilimi Nansi şəhərində ,daha sonra Parisdə indi isə Şartr şəhərində yaşayıram. 16 ildən artıqdır ki ,Fransadayam. Məni tanıyanalar necə bir vətənpərvər insan olduğumu yaxşı bilir.  Həmişə Azərbaycan vətəndaşı olmuşam bundan sonra da olacam. Vətənimin adı mənim üçün əzizdir,həmişə də əziz olacaq.


Burada Federasiya böyük işlər görür


– Məşqçilikdən başqa aktiv şahmatçı karyeranız da davam edir. Şahmatçı kimi son uğurlarınızdan danışardınız. 

– Əslində dərinə getsək mən bəlkə də Azərbaycanın ən titullu şahmatçısıyam. Mən bu günə qədər müxtəlif ölkələrdə 200-dən artıq turnirin qalibi olmuşam. Məncə bu göstəriciyə görə Azərbaycanda birinciyəm. 2011-ci ildə Dünya Kubokunda çıxış etmişəm. Hətta illər öncə Almaniyanın məhşur şahmat jurnalı məni "open turnirlərin mütəxəssisi" adlandırmışdır. İndi də beləyəm. Bir çox Open turnirlərə qatılıram və nəticələr hələ də əladır! Mən məşqçidən daha çox şahmatçıyam. Məşqçilik mənim üçün bir xobbidir. Təcrübəmi bölüşməyi sevirəm. 

Ən son ,iyul ayında İspaniyanın Sitgez şəhərində Beynəlxalq turnirdə oynamışam. Rusiyalı qrossmeyster Sergey Volkovla 1-2-ci yerləri bölüşdük. Klub səviyyəsində də bu il çox uğurlu alınıb. Bu il Belçika çempionu və Hollandiya ikincisi oldum. Bundan əvvəlki illərdə isə, Hollandiya ,Lüksemburq və Macarıstan çempionu olmuşam. Bu il ən yaddaqalan uğur isə ,təbii ki ,yaşadığım şəhərin və çıxış etdiyim "C'Chartres Echecs " komandasının Fransanın güclülər dəstəsinə vəsiqə qazanması olub.

– Fransa ilə Azərbaycan şahmatı arasında nə kimi fərqlər var? 

– Fərq çox böyükdür. Azərbaycan şahmatı keçmis SSRİ məktəbinin tərkib hissəsi olub. Ona görə də bizdə şahmatı bir elm kimi öyrənirlər. Bütün şəhər və rayonlarda şahmat məktəbləri olub və bundan sonra da olacaq. Fransada isə şahmata fərqli yanaşıblar. Burada şahmat bir oyun ,adi bir idman növü kimi qəbul olunur. Düzdür ,son zamanlar burada vəziyyət xəyli dəyişib. Şahmata diqqət xeyli artıb. Ən böyük fərq isə strukturdur. Burada Federasiya çox düzgün qurulub və böyük işlər görür. Çoxlu yarışlar keçirilir ,sponsorlar cəlb olunur ,təşkilatı işlər çox yüksək səviyyədədir. Bir sözlə Federasiya şahmatın inkişafı üçün durmadan çalışır.

– Karyeranız ərzində çoxlu tələbələriniz olub. Onlardan kimi fərqləndirə bilərdiz?

- Mən məşqçilik fəaliyyətimə hələ 1998-ci ildə ,doğma kəndimdə ,Beyləqan rayonunun Dünyamallar kəndində başladım. Mənim tələbələrim həmişə fərqlənib və onlar Azərbaycan ,Fransa və Türkiyədə öz sözlərini demiş şahmatçılardır. Onların hamısı mənim üçün əzizdir ,buna görə də xüsusi kimisə fərqləndirmək istəməzdim. Ən əziz olanlar isə ,doğma kəndimdən olan tələbələrimdir. Əlimə imkan düşdükcə onlara kömək etməyə çalışıram.


"Ədalət olmayan cəmiyyət ,yaşayıb inkişaf edə bilməz"


– Fransada neçə nəfər qrossmeyster adını daşıyır və sizcə niyə ölkəmizdə çox az sayda qrossmeyster var?

– Fransada  50-dən çox qrosmeyster var.Bundan başqa saysız hesabsız qrossmeyster adına yiyələnməmiş güclü şahmatçı var. Burada çox düzgün inkişaf strateqiyası seçilib. Çoxlu turnirlər keçirilir və yeni-yeni qrossmeysterlər yetişir. 

Sualınızın ikinci hissəsi biraz provokasiya xarakterlidir (gülür). Bu sauala məncə Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi daha doğru cavab verə bilər. Yuxarıda da qeyd etdiyim kimi ,bizdə şahmat federasiyasının strukturu demək olar ki yoxdur. Şahmatçılar isə haqsızlıq və maliyə sıxıntılarına görə məcbur olub başqa ölkələrə köçürlər. Təkcə Türkiyədə nə qədər azərbaycanlı şahmatçı və məşqçinin yaşadığını bilsəz şoka düşərsiz. Axı onlara öz ölkələrində normal şərait yaradılsaydı ,onlar da qalıb burada işləyərdilər də. Bunun da Azərbaycan şahmatına ancaq xeyri olardı. 

Bu yerdə fransız yazıcı Viktor Hüqonun bir ifadəsi yerinə düşür "Ədalət olmayan cəmiyyət ,yaşayıb inkişaf edə bilməz". 


– Azərbaycanla və  Şahmat Federasiyası ilə əlaqənizi var?  

- Əlbəttə ki. Mən Azərbaycanla yaşayıram ,Azərbaycanla nəfəs alıram. Mən Fransada ona görə yaşayıram ki ,burada işləyib yaratmaq üçün mümbit şərait var. Bizim şahmatın başbilənləri isə , onu bilməlidirlər ki ,biz onların laqeyidliyinə görə üz tutub xaricdə yaşayırıq. 

Federasiya dəvət edib. Konkret olaraq 2006 və 2016-cı illərdə Azərbaycan yığma komandasına dəvət almışdım. Ölkəmizin adını İtaliyanın Turin və Bakıda keçirilən Olimpiadalarda təmsil etmişəm. Öz millətim üçün əlimdən nə gəlirsə etməyə çalışıram. Qeyd etdiyim kimi ,oynadığım"C'Chartres Echecs " komandası gələn ildən Fransanın güclülər dəstəsində (TOP12-də) mübarizə aparacaq. Mən komandamızı daha da gücləndirmək üçün bizim istedadlı qrossmeysterimiz olan Rauf Məmmədovu da bura dəvət etmişəm. Rauf gələn il komandamızın heyətində Fransa Liqasında çıxış edəcək.   

–Şahmat üzrə Azərbaycan yığmasının üzvü olmusunuz. Yığmamızın son illər Beynəlxalq arenada çıxışı barədə nə deyə bilərsiz? 

– Ələbttə yığmamız dünyada ən güclülərindən biridir. Tarixi nailiyətlərimiz olub. Amma son illər yığmada problemlər hiss olunur. Bunu da yenə də Federasiyanın işinin düzgün qurulmaması ilə əlaqələndirərdim. Yığmamızın gənc və perspektivli şahmatçılara ehtiyacı var. Federasiya isə xaricdən legioner gətirməklə həm gənclərin yolunu bağlayır ,həm də yerli şahmatçıların narazılığına səbəb olur. Azərbaycan kimi şahmat ölkəsinini yığmasına legionerlərin cəlb oluması nəyinsə düzgün getmədiyinə işarədir. 

– Dünya Kuboku yarışını yəqin ki ,izləyirsiniz? Qələbəyə ən real namizəd kimi görürsünüz? 

– Əlbəttə izləyirəm. Qeyd edim ki ,builki Kubokun çox güclü tərkibi var. Ona görə də kimin qalib gələcəyini demək çox çətindir. Sevindirici haldır ki ,sona qalan dörd nəfərdən biri azərbaycanlıdır. Proqnoz vermək çətin olsa da ,təbii ki ,Teymura azarkeşlik edəcəm. Onun Kuboku qazanması Azərbaycan şahmatının böyük qələbəsi olardı. 

– Şahmat tarixinin ən güclü şahmatçısı kimi hesab edirsiniz? 

– Bu suala biraz fərqli yanaşım. Məncə hər dövrün öz güclü şahmatçısı olub və onlar şahmatın inkişafına öz töhfələrini veriblər. Onların gücünü müqaisə etmək düzgün olmazdı. Hərəsi öz dövründə dahi olub. Amma ümumilikdə desəm ,Maqnus Karlsen deyərdim.  

– Son vaxtlar Maqnus Karlsen reytinq sıralamasında Blitz və Rapiddə liderliyi  əldən verdi. Çoxları Karlsenin karyerasında böyük enişin başlandığını düşünür. Sizcə bu belədir?

– Mən bunu uğurlu dövrün sonu adlandlrardım. Maqnus Karlsen bu il qatıldığı bütün turnirləri qələbə ilə bitirib. Sadəcə ola bilər ki ,biraz yorğun olub. Düşünürəm ki ,Maqnus biraz dincəldikdən sonra yenidən öz parlaq oyunu ilə şahmat həvəskarlarını  sevindirəcək. 


Şəhriyarı 2007-ci ildə Fransaya dəvət etmişdim.


– Azərbaycan şahmatını yaxından izləyirsiniz? 

– Əlbəttə.

– Sössüz ki ,Azərbaycan şahmatının lideri Şəhriyar Məmmədyarov hesab olunur. Bəs gənclər necə? Yeni nəsil şahmatçılardan diqqətinizi cəlb edən və parlaq gələcəyi ola biləcək kimisə görürsünüzmü? 

–Qeyd edim ki ,Şəhriyar nəinki Azərbaycanın ,hazırda Dünya şahmatının liderlərindən biridir. Şəhriyarı kiçik yaşlarından tanıyıram. 2007-ci ildə onu Fransaya ,çıxış etdiyim komandada oynamaq üçün dəvət etmişdim. Onun istedadı sayəsdində Azərbaycan şahmatı yeni bir səviyiyə yüksəlib. Şəhriyar çox nadir və fenomenal şahmatçıdır. Məhz buna görə də indi gənclərin arasında hələ ki ,Şəhriyar ola biləcək bir şahmatçı görmürəm. Amma istənilən halda bizdə gənclər həmişə istedadlı olub. Onlarla düzgün iş qurulsa ,Dünya şahmatında yeni "Azərbaycan ulduzları" parlaya bilər.

–Son vaxtlar FİDE rəhbərliyi şahmatın populyarlaşdırılması üçün mühüm addımlar atır. Artıq bəzi ölkələrdə müxtəlif tele layihələr də işıq üzü görməyə başlayıb. Fransada şahmatın mətbuatda təbliğatı nə yerdədir?

– Əlbəttə  şahmatın Tv-lərə daşınması ,bu idman növünün inkişafına böyük təsir edəcək. Ancaq bu elə də asan məsələ deyil. Məncə şahmat özünü elə internetdə də çox yaxşı hiss edir və günü-gündən populyarlaşır. Fransada da əvvəlki illərlə müqaisədə şahmat daha çox işıqlandırılır. Sonuncu Fransa çempionatı mən yaşadığım şəhərdə keçiriliridi. Bu çempionat yerli telekanalların biri vasitəsilə canlı yayımlanırdı. Bundan əlavə burada federasiya da çox iş görür. Şahmatın populyarlaşması üçün vaxtaşırı tədbirlər keçirilir. Bir çox tədbirə mən də dəvət alıram.   

– Təşəkkür edirəm maraqlı müsahibəyə görə. İşlərinizdə uğurlar arzu edirəm.

– Çox sağ olun. Sizlərə və sizin vasitənizlə bütün şahmatsevərlərə can sağlığı və uğurlar arzu edirəm. 


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss