Maqnus Karlsenin təşəbbüsü ilə planlaşdırılan "Magnus Carlsen Invitational" Onlayn şahmat turnirinin yekun heyəti məlum oldu. aprelin 18-də mükafat fondu 250 000 dollar olacaq onlayn turnir start götürəcək.
Chess.az xəbər verir ki, aprelin 18-dən mayın 3-dək davam edəcək turnirdə Maqnus Karlsenlə yanaşı, FİDE bayrağı altında çıxış edən Əlirza Firuja, ABŞ təmsilçiləri Fabiano Karuana və Hikaru Nakamura, çinli Dinq Liren, fransalı Maksim Vaşye-Laqraf, Niderland təmsilçisi Aniş Giri və rusiyalı Yan Nepomnyaşiy iştirak edəcəklər. "Magnus Carlsen Invitational" turniri çərçivəsində əvvəlcə 7 turdan ibarət bir dövriyəli turnir keçiriləcək. Hər tur dörd 15 dəqiqə+10 Rapid partiyalardan ibarət olacaq. Bu oyunlarda şahmatçılar qələbəyə görə 3, heç-heçəyə görə 1, məğlubiyyətə görə isə 0 xal alacaqlar. Qarşılaşma 2:2 bitəcəyi təqdirdə cütlüklər Armaqedon oynayacaq (5 və 4 dəqiqə). Armaqedonda qalib gələn şahmatçı 2, məğlub olan isə 1 xal qazanacaq. 7 turdan sonra isə ilk dörd yeri tutan şahmatçı nokaut sistemi ilə qələbə uğrunda final mərhələsində oynayacaqlar.