SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Azərbaycan Şahmat Federasiyası və yığmamızın üzvləri FİDE-yə müraciət ünvanlayıblar (TAM MƏTN)

Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi və milli komandanın üzvləri Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Arkadiy Dvorkoviç və FIDE-yə üzv olan 190 ölkənin şahmat federasiyalarına müraciət ünvanlayıb.

Bu barədə Şahmat Federasiyasından AZƏRTAC-a məlumat verilib.
Müraciətdə bildirilib ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xətti zonasında yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini növbəti dəfə intensiv atəşə tutmasına və təcavüzkar əməllərini davam etdirməsinə cavab olaraq Silahlı Qüvvələrimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatına başlayıb. 44 gün ərzində Azərbaycan Silahlı Qüvvələri işğal altında olan şəhərləri, qəsəbə və kəndləri azad edib. Noyabrın 10-da isə Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladıqları bəyanat nəticəsində münaqişənin hərbi mərhələsi başa çatıb və münaqişənin həlli diplomatik müstəviyə keçib. Heç kimə sirr deyil ki, Azərbaycan həmişə tolerant ölkə kimi tanınıb və ölkəmizdə çox sayda xalqların yaşaması bunu təsdiqləyir. Prezident İlham Əliyev müsahibələrində də həmişə vurğulayır ki, Azərbaycan xalqı çox xeyirxah xalqdır: “Məhz ona görə Azərbaycanda digər xalqların nümayəndələri sülh, barış və ləyaqət içərisində yaşayır. Ona görə də mən əminəm ki, ermənilər və azərbaycanlılar o bölgələrdə də bir yerdə yaşaya bilərlər. Necə ki, Azərbaycanın digər yerlərində, necə ki, məsələn Gürcüstanda yaşayırlar”.
Müraciətdə deyilir: 

“Azad olunmuş şəhərlərdə şahmat idman növünə diqqət həmişə böyük olub. Təəssüf ki, Ermənistanın işğalı nəticəsində Zəngilanda, Qubadlıda və Kəlbəcərdə çoxsaylı şahmat məktəbləri tamamilə dağıdılıb. İşğala qədər Zəngilan rayonunda idmanın futbol, voleybol, atletika — xüsusilə şahmat növü geniş yayılmış və inkişaf etmişdir. Təbii ki, işğaldan sonra rayon əhalisi məcburi olaraq respublikanın 42 rayonuna səpələnmiş və bu hal təbii olaraq bütün sahələrə olduğu kimi, idman sahəsinə ciddi zərbə vurmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, dünyanın məşhur şahmatçılarından biri, Azərbaycan yığmasının üzvü, üçqat Avropa çempionu, yaxın illərdə FIDE reytinqində 2800-dən yuxarı reytinqə malik olan Şəhriyar Məmmədyarov Zəngilan rayonunda anadan olub. Ş.Məmmədyarovun bacıları Zeynəb və Türkan Məmmədyarovalar da Zəngilan rayonunun sakinləridirlər. İşğaldan azad edilmiş Qubadlı və Kəlbəcər rayonlarında da güclü şahmat məktəbləri fəaliyyət göstərib. Sərxan və Loğman Quliyev qardaşları məhz azad edilmiş Qubadlı rayon sakinləridirlər. Kəlbəcər rayonunda şahmat məktəbləri də say baxımından fərqlənib. Təəssüf ki, Qarabağda fəaliyyət göstərən şahmat məktəbləri işğal nəticəsində tamamilə məhv edilib. Bir düşünün: Ermənistan işğalı olmasa idi, həmin ərazilərdə nə qədər istedadlı şahmatçılar yetişə bilərdi? 30 illik işğal, həm də dünya şahmat ictimaiyyətinin itirdiyi dövr kimi qiymətləndirilməlidir. Əlbəttə, indi işğaldan azad olunmuş ərazilərdə həyat yenidən öz axarına qayıdacaq. Cəmiyyət həyatının digər sahələri kimi, şahmat sahəsi də dirçəldiləcək, bəşəriyyətin ən müdrik oyunlarından biri olan şahmatın sevilməsi və öyrənilməsi üçün məktəblər inşa olunacaq və istismara veriləcək. Azərbaycan xalqı məhz bu əzmlə yaşayır”.
Müraciətdə bəzi erməni şahmatçıların separatizmi dəstəkləyən hərəkətlərə yol verdiyi qeyd olunub. Bu şahmatçılar arasında erməni qrossmeyster Levon Aronyanın olması barədə məlumat verilib.
Qeyd edilib ki, 2015-ci ildə Bakıda təşkil edilən şahmat üzrə dünya kubokunda Ermənistan şahmatçıları da iştirak edib və Azərbaycan təşkilatçılarının yüksək qonaqpərvərliyinin şahidi olublar.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss