Qalereya

Forum



Şahmat proqramları və dərsləri



Xəbərlər

Kişilər və qadınlar arasında Azərbaycan Çempionatı 2016 başa çatıb

      Kişi və qadınlar arasında keçirilən  şahmat üzrə Azərbaycan çempionatı 2016  başa çatıb.  Isveçrə  sistemi ilə 9 turdan ibarət olan turnirdə son oyun günü olduqca gərgin alınıb. Çempion əvvəlcədən bəlli olsa da, digər yerlərin sahibləri yekun turda müəyyənləşib.

Kişilərin yarışında qalib Eltac Səfərli son oyunda Misrətdin İskəndərovla qarşılaşıb. Rəqibini məğlub edən çempion xalını da 8-ə yüksəldib.

2-ci yer uğrunda mübarizə aparan Nicat Abasov və Nail Bəşirli də turu itkisiz bitirib. Hər iki şahmatçının hesabında 6.5 xal  olsa da, əlavə göstəricilərə əsasən, Nicat Abasov 2-ci, Nail Bəşirli isə 3-cü yeri tutub.

33 zəka sahibinin mübarizəsində reytinq cədvəlində 2-ci olan Qədir Hüseynov isə çempionatı 14-cü sırada başa vurub.

Qadınlar arasında  keçirilən  çempionat da yekunlaşıb. Kişilərin yarışında olduğu kimi, burada da qalibin kimliyi bir tur öncədən bəlli idi.

Nərmin Kazımova 9-cu oyuna çempion kimi çıxıb. O, Nərgiz Umudovanı da məğlub edərək xalını 8-ə yüksəldib.

Aydan Höcətova 2-ci, Gülnar Məmmədova isə 3-cü yeri tutub. Hər ikisinin hesabında 6 xal var.

8-ci turdan sonra 2-ci olan Ülviyyə Fətəliyeva son oyunda məğlub olaraq çempionatı 4-cü pillədə başa vurub.

Ümumi reytinq cədvəlində 1-ci yeri tutan Günay Məmmədzadə isə son görüşündə heç-heçə edib. Bununla da o, 22 nəfər arasıda 6-cı yerlə kifayətlənib.

Çempionatda I-III yerləri tutan şahmatçılar Gənclər və İdman Nazirliyinin diplomları və Azərbaycan Şahmat Federasiyasının medalları ilə təltif ediliblər. Həmçinin qadınların çempionatında ilk 3 yeri tutan şahmatçılar  şəxsi Avropa çempionatına vəsiqə əldə ediblər. Kişilərin mübarizəsində isə qızıl medala layiq görülmüş şahmatçı mayda Şəmkirdə keçiriləcək Vüqar Həşimov Memorialına vəsiqə qazanıb.

 Dünya Şahmat Olimpiadasına seçim xarakteri daşıyan çempionatın baş hakimləri beynəlxalq hakim Lütfiyar Rüstəmov (kişilərdə) və FİDE hakimi, beynəlxalq usta Rauf Hacılı (qadınlar) idi.

 



Geriyə