Dekabrın 18-də Bakıda start götürəcək mərhum qrossmeysterimiz Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq şahmat super turnirinin iştirakçıları müəyyənləşib.
Chess.az xəbər verir ki, yarış iştirakçılarının adları bu gün "Vüqar Həşimov Şahmat Akademiyasında" təşkil olunan mətbuat konfransında açıqlanıb. Şahmatın Rapid və Blitz növü üzrə keçiriləcək turnirdə 8 şahmatçı mübarizə aparacaq. Bunlar, təmsilçilərimiz Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Vüqar Əsədli, ABŞ şahmatçısı Fabiano Karuana, rusiyalı Sergey Karyakin, macar Riçard Rapport, hindistanlı Vişvanatan Anand və çexiyalı David Navaradı.
Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçiriləcək. Yarış “Fairmont Baku” otelində keçiriləcək.

2-12-2021, 13:47