SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Chess.az Şuşaya niyə aparılmadı? (MÜMKÜN SƏBƏBLƏR)

  Bu gün Şuşa şəhərində ilk beynəlxalq şahmat turnirinə start veriləcək. “Shusha Chess 2022” beynəlxalq şahmat turnirinin rəsmi açılış mərasiminə sayılı saatlar qalır. 

  Bu turnir nəinki Şuşada, ümumiyətlə Qarabağda FİDE bayrağı altında keçiriləcək ilk rəsmi beynəlxalq şahmat turniri kimi tarixə düşəcək. Artıq turnirdə iştirak edəcək şahmatçıların, Şuşaya bu turnirin açılış mərasimində iştirak edəcək rəsmi şəxslər və jurnalistlərin siyahısı da məlumdur və onlar artıq Şuşaya yola düşüblər. 

  Təəsüf ki, bu il beş yaşını qeyd edəcək və bu beş ili heç bir təmənna güdmədən sırf şahmat idman növünün ölkəmizdə daha da populyarlaşmasına həsr edən Chess.az saytının adı bu siyahıda yoxdur. Hələ ötən ayın sonunda biz səfərlə bağlı AŞF-nın mətbuat katibi funksiyasını yerinə yetirən Sənan Şəfizadəyə müraciət etmişdik. Sənan bəy də öz növbəsində növbəti iclasların birində bizim ora səfər etmək arzumuzu rəhbərliyə çatdıracağını bildirərək, gözləməyimizi məsləhət görmüşdü. Əslində elə o vaxtdan anladıq ki, Chess.az saytı Şuşadakı turnirdə olmayacaq. Çünki əgər ölkədə yeganə şahmat üzrə ixtisaslaşmış sayt dəvət olunmayıb, iclasda müzakirəyə çıxarılırsa, deməli o iş artıq iş deyil. 

  Belə də oldu. Artıq turnirin startına saatlar qalıb və biz hələ də gözləyirik. Chess.az saytı ümumiyyətlə bu beş il ərzində AŞF-nın heç bir tədbirinə dəvət almayıb və belə görünür hələ uzun müddət də almayacaq. Nəisə…

Fakt odur ki, ölkənin yeganə şahmat saytı bu tarixi hadisədən kənar qaldı.

  İlk öncə bir məsələyə aydınlıq gətirmək istərdim. Bizim narazılığımızı bu yaxınlarda Şuşada keçirilmiş Media Forumuna aparılmayan jurnalistlərin narazılığına bənzəmir.Oradakı narazılıqlar əsasən Şuşanı hələ də görə bilməyən jurnalistlər tərəfindən idi və onları haradasa anlamaq da olardı. Amma bizim belə dərdimiz yoxdur!

  Məni şəxsən tanıyanlar bilir ki, başqa sahədə də çalışdığım üçün, işlə bağlı Şuşada  tez tez oluram. Hətta deyərdim ki, mən Şuşada ora indiyə qədər səfər etmiş bütün jurnalistlərdən dəfələrlə çox olmuşam. Mən ilk dəfə Şuşada müharibədən cəmi bir ay sonra, 2020-ci ilin dekabrın 7-8-i tarixlərində səfər etmişəm. Daha sonra 30 dekabr, 2021-ci ilin yanvarın 6-7, 29-30, fevrlda, martda, iyunda və sair və ilaxır. Ora son səfərim isə cəmi 20 gün bundan öncə olmuşdur. Bir sözlə son 22 ayda Şuşaya iyirmi dəfədən artıq səfərim olub. 

  Mənim narazılığıma səbəb olan məsələ başqadır. Ölkədə sırf şahmat üzrə ixtisaslaşan yeganə xəbər saytı məhz Chess.az-dır. Və nədənsə bu sayt Azərbaycan Şahmat Federasiyasının indiyə qədər keçirdiyi heç bir tədbirə dəvət almayıb və qeyri rəsmi şəkildə federasiyaya düşmən elan olunub. Problem budur! 

Bəs bunun səbəbi nədir?

  Nəzərə alsaq ki, biz indiyə qədər saytımız vasitəsi ilə heç kimi söyməmişik, təhqir etməmişik. Bəs nədən belə soyuqluq yaransın? Əksinə biz uzun illərdir federasiyanın aşkar axsadığı informasiya boşluğunu doldurmağa çalışmışıq, yani bir növ onlara kömək olmuşduq. Bəs nədən bizə belə münasibət bəslənsin? Əslində bunun bir neçə səbəbi ola bilər. Chess.az saytına bu saymazyana münasibətin səbəblərini heç vaxt araşdırmağa cəhd belə etməmişdik. Amma bu dəfə qərara gəldik ki, sizinlə bəzi fikirlərimizi bölüşək. 

   Azərbaycan Şahmat Federasiyasının bizə qarşı belə soyuq münasibətin maksimum dörd səbəbi ola bilər. Məhz bu səbəblər barədə sizinlə fikirlərimizi bölüşmək istərdik.

Birinci səbəb: Faiq Həsənov.

  Saytı yeni yaratmışdıq. AŞF-nın vitse-prezidenti Faiq Həsənovun qonağı olduq. O vaxt federasiyanı demək olar ki, cənab Həsənov idarə edirdi. Gəldik. Bizi çox isti qarşıladı. Hətta isti çaya qonaq etdi. Nə var, nə yoxdan sonra, Faiq müəllim ziyarətimizin məqsədini soruşdu bizdən. Biz də cavab olaraq Chess.az saytından gəldiyimizi, sizinlə yaxından tanış olmaq və əməkdaşlıq etmək istədiyimizi bildirdik. Adamın bir anda üzü dəyişdi. Bizə bildirdi ki, qəti yox, bu mümkün deyil. “Chess.az ümumiyyətlə mənim saytımdı, sən necə oldu onu almısan” sualını da verdi mənə. Cavabımda domenin açıq satışda olduğunu söylədim və rahatlıqla pulumu ödəyib onu aldığımı bildirdim. Sonra bir iki xəbəri sadaladı (sən demə oxuyurmuş saytımızı), dedi ki, belə şeyləri yazmaq olmaz və sair. Nəisə 5-10 dəqiqəlik dialoqun sonunda bizimlə heç bir əməkdaşlıq etməyəcəyini bildirərək dedi ki, mən Sənana deyərəm (dostumuz Sənan Şəfizadəni nəzərdə tutur), sizinlə bu məsələni danışıb həll edər. Açığı adam məni niyə Sənanla qorxutmağa çalışdığını anlamadıq və təəcüblü şəkildə cənab Həsənovla sağollaşıb otağını tərk etdik. Lap unutmuşdum. Sonda Faiq Həsənov bir məsləhət də verdi bizə. Dedi ki, nə xəbərimiz olsa Azərtac-dan götürə bilərsiniz, biz saytımızı açana qədər yalnız onlarla əməkdaşlıq edirik. 

İkinci səbəb: Mahir Məmmədov. 

 Düşünürəm ki, federasiyada bizimlə belə soyuq münasibəti ən az istəyən adam məhz federasiya prezidenti Mahir Məmmədovdur. Mahir müəllimlə bir dəfə görüşümüz də olub, telefonla da bir neçə dəfə əlaqə saxlamışıq. Aramızdakı bütün kontaktlarımız xoş və səmimi şəkildə keçib. Ümumiyyətlə Mahir Məmmədov jurnalistlərə və şahmatçılara açıq məmurdur. Görüşümüzün sonunda hətta Mahir Məmmədov “Şahmatı sevən hər bir adam mənim dostumdur” deyərək mənimlə sağollaşmışdı. Bu arada ilk dəfə Şuşaya jurnalistlərin aparılması məsələsi də məhz o görüşdə olmuşdur. Mahir Məmmədov görüşümüzdə iştirak edən  Sənan Şəfizadəyə jurnalistlərin Şuşaya səfər etməsinin vacibliyini qeyd etmişdir və ona bu səfəri təşkil etmək tapşırığını vermişdi. Bir sözlə, nə bizim Mahir Məmmədovla, nə onun bizimlə heç bir problemimiz yoxdur.

Üçüncü səbəb: Sənan Şəfizadə. 

Əgər yuxarıdakı iki ehtimalı diqqətlə oxumusunuzsa, onların hər ikisində məhz Sənan Şəfizadənin adı hallanır.Məhz buna görə də Sənanı mümkün səbəblər siyahısına əlavə etmək qərarına gəldik. Sənan Faiq Həsənovla məlum “uğursuz tanışlığımızdan” dərhal sonra mənə zəng edən adam olmuşdu. Mahir Məmmədovla görüşümüzdən əvvəl də Sənan zəng edib həmin görüşdə onun da iştirak edəcəyini bildirmişdir və iştirak da etmişdir. Sənan Şəfizadə bu soyuqluğa səbəb ola bilər mi? Mənə bu sualı kimsə versə cavabını verməkdə çətinlik çəkərəm. Çünki Sənanla çox gözəl münasibətimiz var. Onunla 2004-cü ildən tanışıq və 15 ildən artıq bir yerdə çalışmışıq. Və bu müddət ərzində aramızda və heç bir problemimiz olmayıb. Adam kimə kimə, mənə niyə etsin ki bunu? 

Dördüncü səbəb: İnkoqnito. 

Bu görmədiyimiz, tanımadığımız başqa bir şəxs də ola bilər. O şəxs kimdirsə həm Mahir Məmmədova həm Faiq Həsənova çox yaxın adamdır. Amma yenə sual yaranır. Bunu niyə etsin ki? Və ümumiyyətlə bu adamın kim ola biləcəyi ilə bağlı beynimdə təxmini də olsa cavab tapa bilmirəm. 

  İstənilən halda Mahir Məmmədovun AŞF-a prezident təyin olunduqdan sonra nəhayət ki, Chess.az-la federasiya arasında buzların əriyəcəyini düşünsək də, ümidlərimiz bu dəfə də puç oldu. Deyəsən elə həmişə də belə davam edəcək. 

  Bizə isə oturub “Shusha Chess 2022” turnirini kənardan izləmək və Faiq Həsənov demişkən, Azərtac-dan gələn məlumatları oxumaq qalır. Ümidvarıq ki, yarış yüksək səviyyədə və maraqlı idman mübarizəsi şəraitində keçiriləcək. 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss