İtaliyanın Sardiniya adasında 20 yaşadək şahmatçılar arasında Dünya çempionatı başa çatıb.
Artıq 10-cu turda çempionluğunu özünə təmin etmiş Azərbaycan şahmatçısı Gövhər Beydullayeva sonuncu turda Qazaxıstan təmsilçisi Liya Kurmangaliyeva ilə görüşdə məğlub olub. Bu görüş Gövhər üçün formal xarakter daşıdığından, qeydə alınan nəticə onun birinci olmağına mane ola bilmədi və Baydullayevanın çempionluğu rəsmiləşdi.
Qızların yarışında çıxış edən digər şahmatçımız Ləman Hacıyeva da son turu məğlubiyyətlə başa vurub. Sloveniyalı Zala Ura uduzan Ləman DÇ-nın medallarından kənarda qaldı və nəticədə 10-cu oldu.
Oğlanlar arasında keçirilən yarışın son turu isə azərbaycanlı şahmatsevərlərə böyük sevinc yaşatdı. Medal şansları olan şahmatçılarımız Abdulla Qədimbəyli ilə Məhəmməd Muradlı arasında son turda oynanılan "Azərbaycan derbisi" bərabərliklə nəticələndi.Parallel keçən görüşdə isə, son tura qədər lider olan macarıstanlı Adam Kozak gözlənilmədən hindistanlı Luk Laon Mendonkaya məğlub oldu. Məhz bu gözlənilməz nəticə sonda həmyerlimiz Abdulla Qədimbəylini Dünya çempionu etdi. Məhəmməd isə yarışı 11-ci pillədə bitirdi.
Azərbaycan şahmatı tarixində ilk dəfə bir dünya çempionatında iki qızıl medal ölkəmizə gəlir.
Bravo Gövhər, Bravo Abdulla!
Ən böyük Azərbaycan!
