SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Dünya çempionatında Azərbaycan yığmasından nə gözləyək? (TƏHLİL)

Noyabrın 19 İsrailin Qüds şəhərində şahmat üzrə komandalar arasında dünya çempionatı start götürəcək

Dünya birinciliyi bu dəfə bir az fərqli formatda keçiriləcək. Yarış hər zamankı kimi şahmat klassik növü üzrə yox, rapid növü üzrə oynanılacaq. 

Əslində DÇ-da tətbiq ediləcək rapidin özü də bir az fərqlidir. Ənənəvi 15+10 və ya 25+15 yox, o qədər də öyrəşmədiyimiz 45 dəqiqə + hər gedişə 10 saniyə vaxt kontrollu olacaq. Adı rapid olsa da, bəzi partiyaların iki saat və hətta daha da çox vaxt davam edəcəyini indidən təxmin etsək, İsraildə tətbiq olunacaq rapidin haradasa klassikə daha yaxın olacağını söyləmək olar. Məhz buna görə də aparacağımız təhlil zamanı şahmatçıların həm klassik, həm də rapid reytinqlərinə nəzər yetirmək qərarına gəldik ki, komandaların real gücünü müəyyən etməyə çalışaq. 

Razılaşaq ki, şahmatçının klassik reytinqi onların əsl gücünü göstərən əsas amil hesab edilir. Çünki rapid və blitzdə təsadüfi nəticələr çox olur və bu göstəriciyə o qədər də inanmaq olmaz. 

Təbii ki, şahmatda reytinq və statistika hər şey demək deyil. Biz müxtəlif yarışlarda dəfələrlə bunun canlı şahidi olmuşuq. Lakin az da olsa komandaların heyətlərinə və onların real gücünə nəzər salmaq üçün, yenə də reytinqə müraciət etməli oluruq. 

Israildə keçiriləcək dünya çempionatında ümumilikdə 12 komanda mübarizə aparacaq. Yığmalar hərəsində altı komanda olmaqla iki qrupa bölünüb. Artıq qrupların tərkibi də məlumdur. 

“A” qrupunda Çin, Fransa, Niderland, CAR, İspaniya, Ukrayna, “B” qrupunda isə, Azərbaycan, Hindistan, İsrail, Polşa, ABŞ, Özbəkistan yığmaları mübarizə aparacaqlar. Bir dövrəli sistem üzrə keçiriləcək beş turluq mübarizənin sonunda, qrupda ilk dörd yeri tutmuş komandalar DÇ-nın ¼ final mərhələsinə vəsiqə qazanacaqlar. Qeyd edək ki, kişilərdən ibarət Azərbaycan yığma komandası 3 dəfə Avropa çempionu olsa da, indiyədək dünya çempionatında medal qazana bilməmişdir. Bu DÇ-da yığmamızın bu boşluğu doldurmaq şansı olduqca böyükdür. Təsadüfi deyil ki,  Azərbaycan milli komandası dünya çempionatında iştirak edəcək komandalar arasında orta reytinqinə görə üçüncüdür. 

Gəlin birlikdə heyətlərə və şahmatçıların reytinqlərinə nəzər salaraq, komandaların DÇ-da şanslarını dəyərləndirək. 


Başlayaq millimizin yer aldığı “B” qrupundan.

1.ABŞ: 2639 (classic 2645 , rapid 2634)

1.GM,Hans Mok Niman (k 2699, r 2599), 2.GM,Lazarro Bruzon (k 2615, r 2619), 3.GM,Aleksandr Onişyuk (k 2640, r 2693), 4.GM, Varujan Akobyan (k 2691, r 2639), 5.GM,Yuneski Qusada Perez (k 2583, r 2622).

Kapitan:İM,Con Donaldson

Maraqlıdır. ABŞ dünya çempionatına ikinci də yox, demək olar ki, üçüncü heyətlə yollansa da, yenə də onlar DÇ-nın reytinq favoritidir! Təsəvvür edin ki, ABŞ-da ilk onluqda yer alan şahmatçılardan yalnız biri, Hans Niman DÇ-na gedəcək yığmanın heyətindədir. Sössüz ki, İsraildə hamının diqqəti də məhz ABŞ-ın birinci taxtası olacaq Nimanın üzərində olacaq. Son zamanlar adı Karlsenlə olan qalmaqalda hallanan Niman, xeyli məhşurlaşıb və şahmat ictimaiətinin diqqət mərkəzindədir. Bu arada Amerika şahmat federasiyasının Nimana böyük dəstəyini də qeyd etmək yerinə düşər. ABŞ şahmat federasiyası 19 yaşlı Nimana belə çətin anda dəstək olaraq, onu yığmanın lideri kimi İsrailə gətirir. Birmənalı olaraq ABŞ yığması qrupda millimizin zirvə uğrunda əsas rəqibi olacaq. Həmçinin onların medallar uğrunda mübarizə aparacaqları da dəqiqidir.   

2.Azərbaycan : 2629 (classic 2650, rapid 2608)

1.GM,Teymur Rəcəbov (k 2747, r 2718), 2.GM,Şəhriyar Məmmədyarov (k 2741, r 2747), 3.GM,Rauf Məmmədov (k 2646, r 2567), 4.GM,Qədir Hüseynov (k 2661, r 2616), 5.GM,Aydın Süleymanlı (k 2543, r 2508) ,6.GM,Vüqar Əsədli (k 2567, r 2494)

Kapitan: GM,Nicat Abbasov 

  Ölkəmizdə ilk dəfə olaraq keçirilmiş yığma komandaya düşmək uğrunda seçim turnirinin nəticələrinə uyğun olaraq, bu dəfə yığmamızda təbii seçim nəticəsində gənc şahmatçılar da yer alacaq. Aydın Süleymanlı və Vüqar Əsədli keçirilmiş seçim turnirində xoşbəxt dördlüyə düşməyə bacararaq, ilk dəfə ölkənin əsas yığmasının heyətində çıxış etmək hüququnu qazanıblar. Bundan əlavə həmin turnirdə fərqlənən Rauf Məmmədovla Qədir Hüseynov, millidə ölkə şahmatının flaqmanları olan Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovla birlikdə gözəl kampaniya təşkil edəcəklər. Yığmamızın belə rəngarəng və eyni zamanda güclü heyətə malik olması, onların İsraildə uğurlu çıxış etmələrinə ümid verir. Qrupumuz çətin olsa da, orta reytinqə görə çempionatın üçüncü komandası olan yığmamızın ilk baryeri rahatlıqla keçəcəyinə şansı yüksəkdir. Həmçinin Rusiya kimi güclü komandanın DÇ-da iştirak etməməsi və Çinlə ABŞ komandalarının İsrailə ikinci və hətta üçüncü heyətlərlə gəlmələri komandamızın çempionluq şanslarını da xeyli artıran amildir. 

3.Hindistan: 2618 (classic 2653, rapid 2583)

1.GM,Vidit Santoş (k 2724, r 2662), 2.GM,Narayanan S.L. (k 2673, r 2588), 3.GM,Nihal Sarin (k 2670, r 2616), 4.GM,Krişnan Sasikiran (k 2636, r 2577), 5.GM,Seturaman S.P. (k 2643, r 2545), 6.Abhijit Qupta (k 2616, r 2551).

Kapitan:GM,Suri Vaibhav (k 2610, r 2543) 

Son illər keçirilən bütün beynəlxalq yarışların favoritlərindən biri hesab olunan Hindistan yığması dünya çempionatına optimala yaxın bir heyətlə gəlir. Hindistanın TOP 10-da yer alan şahmatçıların beşi yığmanın heyətində İsrailə gəlir. Bu onların bu məsul yarışa iddialı gəldiklərinin göstəricisidir. Hindistan yığmasının orta reyinqi 2618 ELO balı təşkil edir və onlar bu göstəriciyə görə DÇ-da beşincidir.  

4.Polşa: 2572 (classic 2617 , rapid 2527)

1.GM,Radoslav Voytaşek  (k 2686, r 2636), 2.GM,Bartoş Socko (k 2623, r 2525), 3.GM,Kaçper Pirun (k 2611, r 2494), 4.GM,Matuş Bartel (k 2627, r 2533), 5.GM,İqor Yanik (k 2539, r 2448).

Kapitan:FM, Miçal Bartel 

Sössüz ki, polyakların heyətində Polşa şahmatının ulduzu Yan-Kşıştof Duda olsaydı, polyaklar daha güclü olardı. Hətta onların adı ümumi qələbəyə əsas namizədlər sırasında da göstəriləcəkdir. Lakin Yan-Kşıştofun yığmanın heyətindən kənar qalması, Polşanın medallar uğrunda şanslarını da xeyli azaldır. Fikrimcə polyaklar qrupdan belə çıxa bilməyəcklər.

5.İsrail: 2568 (classic 2589, rapid 2547)

1.GM,Maksim Rodşteyn (k 2618, r 2624), 2.GM,Tamir Nabati (k 2629, r 2650), 3.GM,Avital Boruçovskiy (k 2552, r 2480), 4.GM,İlya Smirin (k 2596, r 2600), 5.GM,Yevgeniy Postnı (k 2588, r 2482), 6.Ori Kobo (k 2554, r 2449).

Kapitan:WIM,İlana David Qlaz 

Ev sahibi İsrail yığması ən yaxşı vaxtlarında belə çempionluğa iddialı komanda olmayıb. Bu çempionatda püşk yahudiləri çətin qrupa saldı. Məhz bu amil onların bu səddi belə aşmağa çətinlik çəkəcəklərini göstərir. Fikrimcə İsrail yığması polyaklarla birlikdə qrupda qalacaq. 

6.Özbəkistan: 2514(classic 2564, rapid 2464)

1.GM,Nodirbek Yakubboyev (k 2667, r 2563), 2.GM,Cavohir Sindarov (k 2654, r 2554), 3.GM,Cahongir Vahidov (k 2607, r 2507), 4.GM, Şamsiddin Vohidov (k 2568, r 2471), 5.İM,Abdimalik Abdisalimov (k 2457, r 2357) 6.Ortik Niqmatov (k 2433, r 2333).

Kapitan:GM,İvan Sokolov

Statistika və reytinq hər şey demək deyil ifadəsinin bariz nümunəsi Özbəkistan yığmasıdır. Düzdür, əsas ulduzu olan Nodirbek Abusəttarovun yoxluğunda son olimpiya çempionları çətinlik çəkəcəklər. Lakin cəmi 2514 orta reytinqə sahib olan özbəklərdən böyük sürpriz gözləməyə dəyər. Özbəklər mütləq bu qrupdan çıxaraq ¼ finala vəsiqə qazanacaqlar. 


“A” qrupu.

1.Ukrayna: 2636 (classic 2654, rapid 2619 )

1.GM,İqor Kovalenko  (k 2674, r 2620), 2.GM,Vasili İvançyuk (k 2673, r 2686), 3.GM,Andrey Volokitin (k 2663, r 2659), 4.GM,Kirill Şevçenko (k 2649, r 2584), 5.GM,Vitaliy Bernadskiy (k 2615, r 2544).

Kapitan:GM,Oleksandr Sulıpa 

Ukrayna orta reytenqinə görə DÇ-da ikincidir.Ukrayna yığması bu göstəriciyə görə yalnız ABŞ yığmasından geri qalır. Əfsanəvi Vasiliy İvançyukun bu çempionatda iştirakı sössüz ki, turnirə əlavə rəng qatacaq. Qeyd edək ki, İvançyuk yığmasının heyətində DÇ-da bir dəfə uğur qazanıb.İvanşyuklu Ukrayna yığması 2001-ci ildə dünya çempion adına yiyələnmişdir.. Fikrimcə Ukrayna yığması bu çempionatda çempionluq uğrunda mübarizə aparacaq.  

2.Niderland: 2616 (classic 2638, rapid 2595)

1.GM,Aniş Giri (k 2764, r 2721), 2.GM,Yorden Van Forrest (k 2690, r 2699), 3.GM,Lukas Van Forrest (k 2585, r 2468), 4.GM,Maks Varmerdam (k 2617, r 2512), 5.GM,Robbi Kevlişvili (k 2536, r 2579).

Kapitan:GM,Yan Smeets 

Heyətində Aniş Giri kimi stabil və güclü şahmatçısı olan Niderland yığması həmişə bu tipli yarışlarda iddialı yığma hesab olunub. Üstəlik son illər yüksəlişdə olan Yorden Van Forrest kimi gənc ulduz da niderlandlılara həlledici xallar qazandıra biləcək oyunçudur. Düşünürəm ki, Niderland yığması qrup səddini aşacaq və medallar uğrunda mübarizəni davam etdirəcək. 

3.Fransa: 2601 (classic 2592, rapid 2611)

1.GM,Maksim Vaşye-Laqraf (k 2736, r 2775), 2.GM,Jul Mussard (k 2676, r 2634), 3.GM,Loran Fresinye (k 2622, r 2684), 4.GM,Maksim Laqrad (k 2573, r 2656), 5.GM,Tiqran Qaramyan (k 2601, r 2637).

Kapitan:İM,Jan-Baptist Mullon 

İsrailə əsas silahı olan milliləşmiş Əlirza Firuzcasız gələn Fransa yığması, bu ciddi itkiyə baxmayaraq çempionatın iddialı yığmalarındandır. Əsasən rapiddə güclü olan şahmatçıları Qüdsə gətiən fransızların orta reytinqi 2601 ELO xalına bərabərdir. Üstəlik “xoruzların” heyətində Maksim Vaşye-Laqraf və Mussard kimi güclü şahmatçıların olması, onların medallar uğrunda mübarizə aparaccaqlarından xəbər verir.

4.İspaniya: 2600 (classic 2634, rapid 2567 )

1.GM,Xayme Latasa Santos  (k 2665, r 2622), 2.GM,David Quiyarro (k 2668, r 2633), 3.GM,Aleksey Şırov (k 2666, r 2590), 4.GM,Daniil Yuffa (k 2587, r 2511), 5.GM,Miqel Rusiz Santos (k 2587, r 2480).

Kapitan:İM, David Martinez 

Kifayət qədər möhkəm komanda olan İspaniya yığması bu dünya çempionatında özündən söz etdirə biləcək komandalardan biridir. Heyətində Quiyarro, Latasa Santos, və Şırov kimi stabil oyun göstərən şahmatçıların olması, ispanlara ¼ final mərhələsinə qədər irəliləməyə kömək edəcək. Ondan sonrası isə, pley-ofdakı növbəti rəqibdən asılı olacaq.

5.Çin : 2553 (classic 2572, rapid 2535)

1.GM,Xiyanqyu Xu (k 2577, r 2574), 2.GM,Jinşi Bai (k 2569, r 2498), 3.GM,Şanqley Lu (k 2605, r 2627), 4.GM,Di Li (k 2539, r 2441)

Kapitan:GM,Yanq Ven 

İlk baxışdan adına görə ikiqat dünya çempionları (2015,2017) qələbəyə əsas namizəd kimi görünsə də, çinlilərin heyətinə nəzərə saldıqda bunun heç də belə olmadığı görünür. Çin yığması İsrailə cəmi dörd şahmatçı ilə gəlir və o şahmatçıların heç biri Çin yığmasının əsas heyət üzvü hesab edilmir. Məhz buna görə bu komandanın bu il nəinki çempion olması, qrupdan çıxması belə inandırıcı görünmür.

6.CAR: 2278 (classic 2297 , rapid 2260)

1.GM,Kenni Solomon  (k 2355, r 2408), 2.İM,Daniel Kavderi (k 2369, r 2357), 3.FM,Daniel Berriş (k 2257, r 2183), 4.FM,Banele Mhanqo (k 2210, r 2094).

Kapitan:Hendrik Du Toy 

CAR yığması çempionatın aşkar autsayderidir. Heyətində cəmi bir qrossmeysteri olan afrikalıların, İsrailə təcrübədən başqa bir qazancı olmayacaq. Onların qrupda beşinci yer tutmaları belə möcüzə sayılacaq. 

Bizə düşən isə , Azərbaycan Milli Komandasını dəstəkləməkdir ! 

Uğurlar Milli !

Ümid edək ki, noyabrın 26-da Azərbaycan millisini dünya çempionatlarında qazandığı ilk medalı bayram edəcəyik. 



скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss