Xəbər verdiyimiz kimi iyulun 29-dan avqustun 25-dək Bakıda şahmat üzrə Dünya Kuboku yarışları keçiriləcək.
Chess.az xəbər verir ki, artıq bu mötəbər yarışda iştirak etmək hüququnu əldə etmiş şahmatçılara FİDE tərəfində rəsmi dəvət məktublarının göndərilməsinə start verilib.
Dəvət alanlar arasında yenicə dünya çempionu olmuş çinli Dinq Liren, onun həmyerlisi, qadınlar arasında hazırki dünya çempionu Yu Venyun və norveçli Maqnus Karlsen kimi şahmatçılar başda olmaqla demək olar ki, bütün dünya şahmat elitası var.
Azərbaycanın bu mötəbər turnirdə iştirak edəcək şahmatçılardan hələ ki, 11-nin adı məlumdur. Onlardan 7-si kişi, 4-ü isə qadındır. Kişilərin turnirində ölkəmizi Abdulla Qədimbəyli, Rauf Məmmədov, Nicat Məmmədov, Vasif Durarbəyli, Misrəddin İsgəndərov, Qədir Hüseynov və Nicat Abbasov, qadınların yarışında isə Gövhər Beydullayeva, Gülnar Məmmədova, Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva təmsil edəcəklər. Bu siyahıya gələn ayın əvvəlində açıqlanacaq FİDE reytinq cədvəlinə uyğun olaraq, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Günay Məmmdzadənin əlavə olunacağı gözlənilir.
Ümumilikdə 71 ölkədən 309 şahmatçının mübarizə aparacağı Dünya Kubokunda Ermənistan şahmatçılarının iştirakı da gözlənilir. Kişilərin turnirində Hovanes Qabuzyan, Qabriel Sarqisyan, Samvel Ter-Sahakyan, Şant Sarqsyan və Haik Martirosyan, qadınların yarışında isə Elina Danielyan, Anna Sarqsyan və Lilit Mkrtçyan Dünya Kubokunda iştirak etmək hüququnu qazanmış erməni şahmatçılardı. Onların Bakıya gəlib-gəlməyəcəyi isə iyulun əvvəlində məlum olacaq. Dünya Kubokunda iştirak etmək hüququnu qazanmış hər bir şahmatçı iyulun 2-dək FİDE-yə rəsmi təsdiq məktubu göndərməlidir. Məhz bu tarixdən sonra Bakıda keçiriləcək Dünya Kuboku yarışlarının yekun siyahısı məlum olacaq.
