SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"FIDE GÜNAHINI YUMAQ ÜÇÜN TEYMUR RƏCƏBOVU QURBAN VERDİ" (YAZI)

Emil Əliyarlı (Chess.az)

Dünən Teymur Rəcəbovla FİDE arasında yaşanan  gərginlik şahmat alımində bomba effektini verdi. 

Xatırladaq ki, dünən səhər saatlarında Ali şahmat qurumunun rəsmi saytı Rəcəbovun "İddiaçılar Turnirindən" şəxsi məsələlərlə əlaqədar olaraq imtina etdiyini və onun əvəzində yarışda fransız Maksim Vaşye-Laqrafın iştirak edəcəyi haqda xəbər dərc etmişdir. 

Çox keçmədən Teymur Rəcəbov FİDE-nin barəsində yaydığı xəbərin doğru olmadığını bəyan etdi və məsələ ilə bağlı geniş açıqlama verdi. Rəcəbovun açıqlamasının bəzi detallarını önə çıxararaq qısa bir təhlil apardıq:

Rəcəbov: "Bu xəbər doğru deyil. Turnirdən çıxmaq üçün şəxsi səbəbim yoxdur"

Teymurun açıqlamasından da hiss olunur ki, FİDE ilə onun arasında gərginlik yaşanır və Teymur qurumun qərarı ilə razı deyil. Və hətta  bu qərarı təcüblə qarşılayıb. 

Rəcəbov: "Bildiyiniz kimi, hazırda dünyada koronavirus epidemiyasının artması müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatı epidemiyanı risk səviyyəsini ən yüksək qiymətləndirib - qırmızı olduğunu açıqladı. Dünyadakı bir çox yarışlar və əlamətdar hadisələr vəziyyətin inkişafına əsaslanaraq ləğv edilir və ya daha gec bir tarixə təxirə salınır. FİDE Beynəlxalq Şahmat Federasiyası bir sıra profilaktik tədbirlər həyata keçirib. Ancaq bunlar kifayət qədər deyil"

Rəcəbov haqlıdır! Son 2 ayda Dünyada yüzlərlə kütləvi tədbir, o cümlədən böyük idman yarışları da təxirə salınıb.FİDE-nin gördüyü tədbir isə, yalnız Dinq Lirenin karantinə yerləşdirilməsi oldu. Başqa ciddi bir addım atmayıb. 

Rəcəbov: "Bütün bu məqamların mürəkkəbliyi səbəbindən FİDE-yə turnirin daha gec tarixə təxirə salınması təklifi ilə müraciət etdim. Mənim bu təklifimi qəbul etmədilər"

Gördüyünüz kimi Rəcəbov FİDE-yə təkliflə müraciət edib.Burada da təbii ki, pis bir şey yoxdur. FİDE kifayət qədər açıq qurumdur və şahmatçının bu təklifi qəbul edib məslətləşmələr aparmalı idi. Nəzərə alsqa ki, Teymurun təklifi də kifayət qədər tutarlı olmuşdur. Rusiyanın Çinlə həmsərhəd ölkə olması və artıq Rusiyada da "Koronavirusa" yoluxma halları aşkarlanması Rəcəbovun bu təklifi irəli sürməsi qurum tərəfindən normal qarşılanmalı idi. Əksinə, FİDE özü çoxdandır ki, bu məsələni qaldırmalı idi və şahmatçılarla məsləhətləşmələr aparmalı idi. 

Rəcəbov: "Yuxarıda göstərilənlərlə əlaqədar olaraq hesab etdim ki, namizədlər arası turnir kimi  vacib bir yarışda bu cür şərtlər maksimum oyun səviyyəsi üçün lazım olan konsentrasiya və əhval-ruhiyyəyə çox mənfi təsir edə bilər. Nəticədə mən başqa üzvlə əvəzləndim”.

Teymur yenə də haqlıdır. Şahmatda psixolojı durum ən əsas amillərdən biri hesab olunur. Və belə bir məsuliyyətli yarışda çinli şahmatçı ilə 5,6 və ya 7 saat üz üzə oturmaq şahmatçının üzərinə əlavə psixolojı yük qoyur. Nəzərə alsaq ki, turnir həqiqətən də çox vacib turnirdi burada təşkilatçılar şahmatılar üçün maksimum komfortlu şərait yaratmalı idi.

 Amma FİDE Teymurdan fərqli düşündü.

 Teymur Rəcəbov FİDE-yə ünvanladığı tutarlı təklifi qurum üsyan kimi qəbul edib. Maraqlısı odur ki, Rəcəbovun bildirdiyi iradlar da kifayət qədər tutarlı olub. Məsələn, Dinq Liren artıq günlərdir ki, Moskvadadı. Liren və onun komandası hal hazırda 14 günlük karantindədirlər. Digər çinli Vanq Xao isə, karantin müddətini keçmək üçün Rusiyaya gəlməyib. Səbəb kimi, Xaonun hal hazırda Yaponiyada olmasıdır və son iki ayda Çinə getməməsi göstərilir. FİDE də nədənsə bu məslənin üstünə elə də getmir. Amma Vanq Xao da, Çin vətəndaşıdır. Xao hazırda Çində olmasa da, milliyətçə çinlidi və onun bu iki ay ərzində çindən gələn dostları və ya qohumları ilə kontaktı mümkündür. Amma FİDE nədənsə Vanq Xaonun karintin müddətini keçmək üçün Rusiyaya daha tez gəlməsini tələb etmir. 

Bu qalmaqalda hamının diqqətindən qaçan önəmli bir məqam da var. 

 Nədən FİDE Teymurun bu təklifinə belə operativ və sərt reaksiya verdi və niyə məhz Maskim Vaşye-Laqraf? 

 Qaydalara əsasən hər hansı bir oyunçu turnirdə çıxış etməkdən imtina edərsə, onu il ərzində ən yüksək orta reytinqi olan şahmatçı əvəzləməlidir. Bu da məhz Vaşye-Laqrafdı. Burada problem yoxdur.

Amma bu operativlik, anında Maksimlə əlaqə saxlayıb və onu turnirə dəvət etməyin başqa tərəfi də var. 

 Xatırlayırsınızsa ötən ilin sonunda FİDE tərəfindən "İddiaçılar Turnirinə" verilən "Wild Card"-la bağlı böyük bir qalmaqal yaşanmışdır. Əvvəllər FİDE "Wild Card"-ı özü təqdim edirdi. Bu dəfə isə fərqli davrandı.

 FİDE vəsiqənin sahibini müəyyənləşdirmək hüququnu ev sahibi ölkəyə həvalə etmişdir. Rusiya Şahmat Federasiyası da öz növbəsində bu vəsiqənin sahibini müəyyənləşdirmək üçün il ərzində ən yaxşı çıxış etmiş üç yerli şahmatçı arasında mini turnir təşkil etmək qərarına gəlmişdir. Turnirdə Aleksandr Qrişyuk, Yan Nepomnyaşiy və Kirill Alekseyenko çıxış edəcəkdir. Sonradan belə oldu ki, həm Qrişyuk həm Nepomnyaşiy "Qran Pri"-dən "İddiaçılar turnirinə" vəsiqə qazandılar. RŞF da həmin turniri ləğv edərək vəsiqəni birbaşa 22 yaşlı rus Kirill Alekseyenkoya verib. Alekseyenko heç bir seçmə yarışına qatılmadan "İddiaçılar Turnirinə" vəsiqə qazandı!

 Bu qərardan sonra Fransa Şahmat Federasiyası FİDE-yə rəsmi şikayət ünvanlamışdı. Fransızlar Alekseyenkonun nə reytinginə görə, nə də ki, Dünya Kubokundaki çıxışına görə bu turnirə yollanmaq haqqı olmadığını bildirmişdirlər və bu vəsiqənin  Maksim Vaşye-Laqrafa təqdim etmələrini tələb etmişdirlər. Fransızlar hətta ən pis halda vəsiqənin taleyini müəyyənləşdirmək üçün Alekseyenko-Vaşye-Laqraf matçının keçirilməsini belə təklif etmişdirlər. Amma nə FİDE nə də ki, RŞF-ı fransızların təklifini qəbul etməmişdirlər. 

 Bu məsələ hətta siyasi arenalarda da müzakirələrə səbəb olmuşdur və Fransa ilə Rusiya arasında narazlığa səbəb olmuşdur. Amma FİDE-nin qərar dəyişməz olaraq qaldı. 

 Qayıdaq Rəcəbovun məsləsinə. Bu məslədə FİDE-nin əlinə Fransa Şahmat Federasiyası qarşısında olan günahını yumaq üçün əla fürsət düşmüşdü. Və təəsüf ki, FİDE Rəcəbovu qurban verərək bu fürsətdən yararlandı. 


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss