SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Çapay Sultanovdan Faiq Həsənovadək (Aslan İsmayılov yazdı)

Azərbaycanın tanınmış hüquqşünası və ictimai xadimi olan Aslan İsmayılov sosial şəbəkələrdə növbəti dəfə şahmat mövzusuna toxunub. Onun yazdığı statusu sizə olduğu kimi təqdim edirik.
Bu günlərdə böyük azərbaycanlı, sağlığında dəyərini almayan, Azərbaycan elmində, tarixində, xüsusilə şahmat məktəbində əvəzedilməz yeri olan Çapay Sultanovun 85 yaşı oldu. 
 Həyatda özümü həm də ona görə xoşbəxt sayıram ki, Bəxtiyar Vahabzadə, Vasif Adıgözəlov, Tofiq Bağırov, İsmayıl Şıxlı, Şirməmməd Hüseynov, Habil Əliyev, Azad Mirzəcanzadə, Xəyyam Mirzəzadə, Ələkbər Məmmədov, Çapay Sultanov, İdris Qasımov və digər böyük şəxsiyyətlərlə xoş münasibətim olub. Onlardan çox şeylər öyrənmişəm, hər biri ilə bağlı çoxlu xatirələrim var və Uca Allah imkan versə imkan düşəndə həmin xatirələri Sizinlə də bölüşəcəm. Onların içində ən çox təmasda olduğum və ən çox öyrəndiyim, "professor" deyə müraciət etdiyim Çapay Sultanov olub. Əhali arasında çox tanınmasa da adı çəkilənlər sırasında ən parlaq, ən bilikli, ictimai həyatı ən çox bilənlərdən olub.
Ç.Sultanov geologiya-mineralogiya elmlər doktoru, professor, Beynəlxalq Şərq Neft Akademiyasının vitse-prezidenti, Dövlət Mükafatı laureatı, Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi, Şahmat üzrə əməkdar məşqçi, Beynəlxalq Şahmat Federasiyasının üzvü, Azərbaycan Şahmat Federasiyasının Prezidenti olub. Bu gün çoxları onu bir alim, tarixçi, geoloq kimi tanıyır. Professor Azərbaycanın müasir dövrünü 17 kitabda işıqlandırıb. O kitabların hər biri ən azından həqiqi bir doktorluq dissertasiyasından önəmlidir. Onun Azərbaycan şahmat məktəbinin banilərindən biri, 16 il Şahmat Federasiyasının Prezidenti, Azərbaycanda şahmat məktəbinin formalaşmasında əvəzolunmaz rolunu isə çox az adam bilir. Ancaq onun dövründə Azərbaycanda 42 şahmat məktəbi açılıb. Məhz onun dövründə Azərbaycan şahmatçıları nəinki keçmiş SSRİ-də, dünyada da liderlər sırasına yüksəldilər. Məhz Çapay müəllim dünyada ilk dəfə şahmatda kompyuterlə hazırlıq sistemi yaradıb. Onun sayəsində dünya çempionu olan Harri Kasparov şahmat tacını qazanan kimi o vaxt Azərbaycan rəhbəri olan Kamran Bağırovun qarşısında şərt qoyur - ya Ç.Sultanov Azərbaycan SSR Şahmat Federasiyasının Prezidenti vəzifəsindən azad olunur, yaxud o Azərbaycanı tərk edir. H.Kasparov istəyinə nail olur. Bununla da Azərbaycan şahmatının tənəzzülü başlayır. Bu barədə rəhmətlik Çapay müəllim mənə çox hadisələri nəql edib. Bu gün isə Sizə özümün şahidi olduğum bir xatirəni söyləyəcəm.
Rəhmətlik Çapay müəllimin evi ofisimin lap yaxınlığında - Nizami ilə Qoqol küçələrinin kəsişməsində idi. Bir gün mənə zəng etdi ki, aşağı düş, bir az Molokan bağında gəzinək. Küçəyə düşüb Molokan bağına tərəf təzəcə getməyə başlamışdıq ki, bir nəfər yaşlı insan ona rus dilində salam verib hal-əhval tutdu. Çapay müəllim bir müddət ona cavab vermədi. Sonra isə qəzəblə “haqqımda yazdığın, təşkil etdiyin donosları sənə bağışlaya bilərəm, ancaq mənim həyatımı həsr etdiyim Azərbaycan şahmat məktəbinin dağıdılmasını sənə heç vaxt bağışlamayacam” deyib hərəkətini davam etdirdi. Həmin adamı tanımadığımdan kimliyini soruşdum, cavab vermədi. Parka daxil olan kimi oturacaqların birinə əyləşdi və dedi: “Bayaq soruşduğun Azərbaycan şahmatının qəbirqazanı, ən istedadlı şahmatçıların qatili, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yaxın dostu, həmfikiri və məsləkdaşı Faiq Həsənovdur”. Həmin gün mənə F.Həsənovun çox bəd əməllərindən danışdı. Azərbaycanın ən istedadlı şahmatçısı olmuş Vüqar Həşimova qarşı etdikləri isə əsl düşmənçilik idi. Onun Azərbaycanı tərk etməsinin, haqqında şər-böhtanların yayılmasının da təşkilatçısı F.Həsənov olmuşdu. Sonralar V.Həşimovla bağlı böyük bir yazımda onun əməllərini göstərmişdim. Çox təəssüf edirəm ki, R.Mehdiyev Prezident Administrasiyasından getsə də bu gün də F.Həsənov federasiyada öz bəd əməllərini davam etdirir və istəyinə nail olur. Onun məqsədinin bilərəkdən Azərbaycan şahmat məktəbinin məhv edilməsi olmasına isə mənim heç bir şübhəm yoxdur. Əminəm ki, dediklərimi bir çox tanınmış şahmatçılarımız da təsdiq edərlər. Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycan Şahmat Federasiyasının Prezidenti olsa da oranı istədiyi kimi idarə edənin F.Həsənovun olması heç kim üçün sirr deyil.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss