SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Gülnar Məmmədova: "Bu mənim arzum olub" (MÜSAHİBƏ)

Yenicə başa çatmış Azərbaycan Çempionatında üçüncü dəfə ölkə çempionu adını qazanmış və bu uğuru sayəsində Dünya kubokuna vəsiqə qazanan Beynəlxalq usta Gülnar Məmmədova, Naxçıvan Muxtar Respublikasında dərc olunan "Şərq qapısı" qəzetinə müsahibə verib. 

Müsahibəni bəzi ixtisarlarla sizlərə təqdim edirik.

 "10 ilə yaxındır ki, Naxçıvanda keçirilən beynəlxalq şahmat festivallarında iştirak edirəm. İllərdir, qadınlar arasında təşkil edilən Azərbaycan çempionatında oynayıram. İlk dəfə Naxçıvanda qadınlar arasında Azərbaycan çempionatı keçirildi. Əvvəlcə deyim ki, Naxçıvan bütün yarışlarımda mənə uğur gətirib. Bu dəfə də belə oldu. Bunun da əsas səbəbi Naxçıvanda iştirakçılara yaradılan rahatlıq və yüksək səviyyəli şəraitdir. Burada oyuna daha çox adaptasiya oluram".

 "Yarış zalının ab-havası belə, bu adaptasiyanın formalaşmasına daha çox kömək oldu. Bu, şahmatda çox əhəmiyyətlidir. Bütün fikrimi oyuna cəmləşdirdim və digər şahmatçılarla aramızda mükəmməl rəqabət yarada bildik. Əlbəttə ki, şahmatda bir çoxu üçün mənəvi dəstək önəmlidir, amma mən tək olanda özümü daha güclü, məsuliyyətli hiss edirəm. Düzdür, şahmatla məşğuliyyətimdə anamın çox böyük rolu olub, müəllimim anam olub. Mənim şahmatçı olmağım onun arzusu olub. Çünki özünün hədsiz dərəcədə şahmata marağı var. Mən də onun istəklərini reallaşdırdım. Hazırda da bu sahə üzrə həmişə onunla məsləhətləşirəm. Deyim ki, şahmat mənim xarakterimə uyğundur və bu intellektual idman növü xarakterin formalaşmasında mühüm rol oynayır. Doğrudur, oyunlarda məğlubiyyət çox məyusluq yaradır, hətta çox vaxt ürəyə yük olur. Lakin güclü şahmatçı gərək unutmağı bacarsın. Burada rəqiblərim çox güclü idi. Hamısı ilə daha əvvəlcədən bir sıra şahmat oyunlarında qarşılaşmışdıq. Birillik fasilədən sonra onlarla canlı oyun mənə çox böyük ruh yüksəkliyi verdi, əlavə stimul verdi. Naxçıvanlı şahmatçılarla ilk dəfə oynadım. Deyə bilərəm ki, Naxçıvanda şahmat inkişaf edir. Burada iştirak edən qızlar da çox yaxşı oynadılar, onların parlaq gələcəyi var. Mən yeddi ildir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında şahmat müəllimi işləyirəm. Bu gün şahmatçı olmaq istəyənlər çoxdur. Tələbələrimlə məşğuliyyət həm şahmata, həm də həyata dair mənə çox şey öyrədir. Sevindiricidir ki, ölkəmizdə şahmatla məşğul olmaq istəyən gənclərin sayı artır. Burada qızlar da üstünlük təşkil edir. Bu gün şahmatçı qadınlarımız xaricdə ölkəmizi layiqincə təmsil edirlər. Sizə deyim ki, 10 il əvvəl məqsədimiz Avropa çempionatında onluğa düşmək idisə, 2019-cu ildə şahmat üzrə Avropa çempionatında üçüncü yeri qazandıq. Deməli, inkişaf var və artıq ön sıralarda yer tuturuq.
Qalibiyyətimlə bağlı deyim ki, ilk dəfə Naxçıvan şəhərində təşkil edilən qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının qalibi olmaq qürurvericidir. Sözün açığı, buraya gələndə üçlükdə olmaq arzusunda idim. Lakin sona qədər çox inanaraq oynadım və rəqiblərimi üstələyərək qalib gəldim. Buradakı qalibiyyət mənim üçün ikiqat sevincdir. Çünki burada qalib gələn şahmatçı şahmat üzrə dünya kubokunda da ölkəmizi komanda ilə birgə təmsil edəcək. Mən də bu yarışda iştirak edəcəyəm. Bu mənim arzum olub və özümü çox xoşbəxt hiss edirəm. İnanıram ki, ölkəmizi burada da layiqincə təmsil edəcəyik."
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss