Əli Həsənov
Chess.az saytının "Onları tanıyaq" rubrikası çərçivəsində, siz bu gün yazarımız Əli Həsənovun təqdimatında Joel Benjamini yaxından tanımaq imkanını əldə edəcəksiniz.
Joel Benjamin (ABŞ)
11 mart 1964-cü ildə Nyu-York şəhərində anadan olub. 13 yaşında usta olmaqla Fişerə məxsus rekordu yeniləyib. Yeniyetmə və gənclər arasında dəfələrlə ABŞ çempionu olub, 1982-ci ildə 20 yaşlılar arasında dünya çempionluğunun bir addımlığında büdrəyərək 3-cü yerlə kifayətlənib. 1986-cı ildə qrossmeyster adını alıb. Kişilər arasında 3 qat ABŞ çempionudur. 80-ci illərin sonunda bir neçə beynəlxalq turnirdə qalib və mükafatçı olmağı bacarır. 1993-cü ildə zonalararası turnirdə çıxış edir, 1997-2001-ci illərdə nokaut sistemli dünya çempionatlarının da iştirakçısı olur, lakin uğur qazana bilmir. 1993-cü ildə ABŞ millisinin heyətində komandalar arasında dünya çempionluğunu qazanır. 2008-ci ildə ABŞ-da ən cavan yaşda fəxri idmançılar sırasına daxil edilir. Benjamin ABŞ-da Fişerin davamçısı kimi sayılırdı və ona ümidlər böyük idi, lakin o bütün uğurlara baxmayaraq, gözlənilən nəticələri tam əldə edə bilmədi. Bir sıra kitabların, o cümlədən Qeyri-standart debut kitabının müəllifidir. O zaman-zaman özü də nadir hallarda rast gəlinən debütlərə üstünlük verirdi. 1997-ci ildə Kasparovun Deep Blue proqramı ilə matçında kompyuter tərəfindən qərar verən qrossmeyster funksiyasını icra edib. Joel həmçinin “Bobbi Fişerin axtarışında” filmində çəkilib.