Dünən gecə saatlarında dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının beşinci turniri olan “New In Chess Classic” turnirinin qrup mərhələsinin oyunları başa çatıb.
Chess.az xəbər verir ki, Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov qrup oyunlarını uğurla başa vuraraq dörddəbir final mərhələsiən vəsiqə qazandılar. Turnirə o qədər də uğurlu başlamayan Şəhriyar, qrup mərhələsinin son günündə fantastik performans göstərməklə (3 qələb, 2 heç-heçə), sonda yarış cədvəlində 3-cü olmağı bacardı.
Şəhriyardan fərqli olaraq ilk oyun günüdən sonra hətta turirin vahid lideri də olmuş Teymur Rəcəbov son turda hindistanlı şahmatçı Santosla etdiyi heç-heçə sayəsində 1/4 finalda iştirak hüqunu verən son vəsiqənin sahibi oldu.
Bu gün start götürəcək 1/4 final mərhələsində Şəhriyar Məmmədyarov FİDE-ni təmsil edən iranlı Əlirza Firuzca ilə, Teymur Rəcəbov isə dünya çempionu və turnirin təşkilatçısı Maqnus Karlsenlə qarşılaşacaqlar.
Bu şahmatçılarla yanaşı amerikalı Hikaru Nakamura və Uesli So, Vyetnam təmsilçisi Le Quanq Lyem və erməni Levon Aronyan da növbəti mərhələyə yüksəliblər.
Qeyd edək ki, turnir mayın 2-dək davam edəcək. “Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayınadək davam edəcək.
27-04-2021, 12:09