SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Nodirbek Abusəttarov və Aleksandra Kostenyuk Dünya Çempionu oldular! (FOTOLAR)

Dünən axşam saatlarında Polşanın paytaxtı Varşavada Rapid üzrə dünya çempionatına yekun vuruldu.
  Çempionatın son oyun günü sözün əsl mənasında möhtəşəm alındı. Elə günün ilk qarşılaşması gecənin çox isti keçəcəyindən xəbər verdi. Belə ki, 10-cu turda turnir cədvəlinin lideri, hazırki dünya çempionu Maqnus Karlsen, yarışda inanılmaz performans göstərərək son oyun günündən öncə ikinci pillədə qərarlaşan özbək Nodirbek Abusəttarovla üz-üzə gəldi. Hamının artıq "Nodirbekin nağılının" məhz bu oyunda bitəcəyini düşündüyü halda, gənc özbək yarışın bəlkə də ən böyük sürprizinə imzasını atmağa bacardı. Belə ki, 17 yaşlı Özbəkistan təmsilçisi adlı-sanlı rəqibinə qarşı partiyada sona qədər dəqiq mübarizə apararaq, onu təslim olmağa məcbur etdi və sona üç tur qalmış yarışın lideri oldu. Növbəti turlarda Abusəttarov rusiyalı Vladimir Fedoseyev, hindistanlı Qukeş və polyak Yan-Kşıştof Duda ilə ardıcıl heç-heçələr edərək, sona qədər zirvədəki mövqeyini qorumağa bacardı. Yarışı 9.5 xalla bitirən Abusəttarova rusiyalı Yan Nepomnyaşiy, ABŞ şahmatçısı Fabiano KaruanaMaqnus Karlsen şərik oldular. Lakin yarışın reqlamentinə uyğun olaraq tay-brekə yalnız iki şahmatçı buraxılırdı. Bunlar da əlavə göstəricilərə görə rəqiblərini üstələyən Abusəttarovla Nepomnyaşiy oldular. Bu qrşılaşmada tarixi şansı əldən verməyən Özbəkistan təmsilçisi tay-brekdə Yan Nepomnyaşiyi 1.5:0.5 hesabı ilə məğlub edərək Dünya çempionu adını qazandı. Rusiya təmsilçisi Yan Nepomnyaşiy ikinci, norveçli Maqnus Karlsen isə üçüncü oldu.

  Qadınların turnirində isə, öncədən də xəbər verdiyimiz kimi çempionluq uğrunda gərgin mübarizə yaşanmadı. Son yarış gününə ən yaxın izləyicisini 1.5 xal qabaqlayan rusiyalı Aleksandra Kostenyuk sonda rahat bir şəkildə Dünya çempionu tituluna yiyələndi. Qazaxıstanlı Bibisara Assaubayeva ikinci, digər rusiyalı şahmatçı Valentina Qunina isə üçüncü oldular.  
  Dünya çempionatda çıxış edən həmyerlilərimizə gəlincə, kişilərdə Azərbaycanın ən güclü şahmatçısı Şəhriyar Məmmədyarov yarışı 8-ci, gən istedadlarımız Xəzər Babazadə və Məhəmməd Muradlı müvafiq olaraq 83 və 84-cü, yığma komandamızın üzvü Rauf Məmmədov 101-ci, daha bir gənc şahmatçımız Aydın Süleymanlı 104-cü, son Azərbaycan çempionu Vasif Durarbəyli 118-ci,  Vüqar Əsədli isə 173-cü oldular.  
   Qadınlara gəlincə, son yarış gününə qədər medal şansını özündə saxlayan Gülnar Məmmədova sonda yarışı 12-ci pillədə bitirdi. Digər şahmatçılarımız  Xanım Balacayeva 26-cı, Gövhər Beydullayeva  37-ci, Türkan Məmmədyarova 44-cü, Zeynəb Məmmədyarova 50-ci oldular. 
   Bu gün Varşavada həm kişilərin həm qadınların Blitz çempionatına start veriləcək. Qeyd edək ki, dekabrın 30-dək davam edəcək Rapid və Blitz üzrə dünya çempionatının ümumi mükafat fondu 1 milyon ABŞ dolları təşkil edir.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss