Bu ilin iyun ayında Polşanın ev sahibliyi ilə keçiriləcək III Avropa Oyunlarında şahmat yarışları da keçiriləcək.
Chess.az xəbər verir ki, şahmatın bir idman növü kimi Olimpiya və Avropa oyunlarının təqviminə ilk dəfə daxil edilməsi sössüz ki, tarixi hadisədir. Yarışlar komanda turnirindən ibarət olacaq və şahmatın Blitz növü üzrə oynanılacaq. Qaydalara əsasən yığma komandalar iki şahmatçıdan ibarət olacaq (1 kişi və 1 qadın).
Reqlamentə əsasən komandalar dairəvi sistem üzrə mübarizə aparacaqlar. İlk dörd yeri tutacaq komandalar pley-off mərhələsinə yüksələcəklər.
Artıq Azərbaycan Şahmat Federasiyası Polşaya yollanacaq komandamızın heyətini də müəyyənləşdirdi. Belə ki, Azərbaycanı 3-cü Avropa oyunlarında ölkənin ən güclü kişi və qadın şahmatçıalrı, Şəhriyar Məmmədyarov və Günay Məmmədzadə təmsil edəcəklər. Şahmatçılarımız bu turnirdə qələbə qazanacağı təqdirdə Avropa oyunlarında qələbə qazanmış ilk ölkə kimi Azərbaycanın adını dünya idman tarixinə yazdıra bilərlər.
