Dünən Almaniyanın Düseldorf şəhərində komandalar arasında Rapid üzrə dünya çempionatı başa çatdı.
Chess.az xəbər verir ki, 36 komandanın iştirak etdiyi birincilikdə Azərbaycanın komandası olmasa da, "Team MGD1" komandasının heyətində şahmatçımızı Günay Məmmədzadə çıxış edirdi. Sevindirici haldır ki, yarışın yekunlarına əsasən Günayın çıxış etdiyi komanda, DÇ-nın bürünc mükafatlarına sahib oldu. Günaydan başqa heyətin tamamı Hindistan şahmatçılarından ibarət olan komanda çempionatda 18 xal toplayıb və sonda "Armenia" komandasını 1 xal qabaqlayaraq üçüncü oldu. Qeyd edək ki, Məmmədzadə Dünya çempionatında dörd oyun keçirdi və komandasına 3 xal qazandırdı.
Xatırladaq ki, sözügedən yarışda FİDE prezidenti Arkadiy Dvorkoviç də şahmatçı kimi çıxış edib. Dvorkoviç oynadığı "FİDE Managment Board" komandası sonda 14-cü oldu. Arkadiy Dvorkoviç özü isə, DÇ-da keçirdiyi üç oyunda 1 qələbə qazanıb, 2 dəfə isə məğlub olub.
Dünya çempionatının qalibi isə, heyətində Vesli So, Yan Nepomnyaşiy, Praqanandhaa, Xu Yufan və Aleksandra Kostenyuk kimi şahmat ulduzlarının çıxış etdiyi "WR Chess" komandası oldu.

29-08-2023, 09:16