İtaliyanın Montesilvano şəhərində 14, 16 və 18 yaşlı şahmatçılar arasında dünya çempionatı davam edir.
CANLI
Chess.az xəbər verir ki, çempionatda ümumilikdə 94 ölkədən 1000-ə yaxın şahmatçı iştirak edir. Azərbaycan bu mötəbər yarışda 11 şahmatçı ilə təmsil olunur. Bunlar oğlanların yarışında Şiroğlan Talıbov, Aqil İsrailov, Hüseyn Seyid, Rüstəm Rüstəmov, Tunar Davudov, Ziya Həsənli, qızların turnirində isə, Ayan Allahverdiyeva, Səmra Qasımova, Nurtən Nuriyeva, Selcan İsmayıl və Lalə Hüseynovadır.
Keçirilmiş altı turdan sonra, təmsilçilərimizin arasında ən yaxşı nəticəyə Ayan Allahverdiyeva malikdir. Ayan 18 yaşadək qızların yarışında altı oyundan 5.5 xal toplayaraq yarışın vahid lideridir. Həmin yaş qrupunda mübarizə aparan digər təmsilçimiz Səmra Qasımova isə, 4 xalla 11-22-ci pillələri bölüşür. DÇ-nın 14 yaşadək oğlanların yarışında iştirak edən Rüstəm Rüstəmov 4.5 xalla 7-27-ci pillələri, qızların eyni yaş qrupunda mübarizə aparan Lalə Hüseynova isə 9-15-ci pillələri bölüşürlər. Digər təmsilçilərimiz hələ ki, ilk otuzluqdan kənar qərarlaşıblar.
Qeyd edək ki, yarış İsveçrə sistemi üzrə keçirilir və 11 turdan ibarət olacaq. Yeddinci turun oyunları bu gün Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

20-11-2023, 13:50