Azərbaycanın ən güclü qadın şahmatçısı olan Günay Məmmədzadə, qatıldığı "Women's Speed Chess Championship" onlayn şahmat superturnirinin birinci mərhələsində fiaskoya uğrayıb.
Chess.az xəbər verir ki, turnirin super finalına vəsiqə qazanan Günay elə ilk mərhələdə çox ağır məğlubiyyətlə üzləşib. Yarışın 1/8 finalında həmyerlimizin rəqibi olan rusiyalı Aleksandra Kostenyuk, Məmmədzadəni 11:0 hesabı ilə darmadağan edib və həmyerlimiz mübarizəni dayandırmalı oldu. Rusiyalı şahmatçı isə növbəti mərhələdə də rəqibindən üstün olaraq yarımfinala qədər yüksəlib.
Xatırladaq ki, ümumi mükafat fondu 51 200 dollar olan superfinal dörd mərhələdən ibarət olacaq. Birinci mərhələ 24-28 iyun, ikinci mərhələ 1-5 iyul, üçüncü mərhələ 8-12 iyul, sonuncu mərhələ isə 15-19 iyul tarixlərində keçiriləcək.