SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

“Teymur və onun komandası”. Bir fiaskoya sözardı

    Qadınlardan ibarət yığma komandamızın Çernoqoriyada gümüş medal qazanması ilə bağlı yazdığımız məqalənin sonunda (oxu: Gümüş rəngli qızlarımız), kişilərdən ibarət komandamızın çıxışına yalnız bir cümlə ilə toxunduq:“Kişilərdən ibarət yığma komandamızın AÇ-da çıxışı isə, tamam ayrı söhbətin mövzusudur....”


Bəli, bu çıxış, əgər bunu çıxış adlandırmaq mümkündürsə, tamam ayrı mövzudur. Kişilər qitə birinciliyində o qədər bərbad nəticə göstərdilər ki, onların nəticəsini qızlarımızın tarixi uğuru ilə bağlı yazılan eyni xəbərdə yazmağa belə adamın əli gəlmir. 


Təbii ki, həmişəki kimi onları bu dəfə də müdafiə edənlər tapılacaq. Deyəcəklər ki, bəs idmandır, idmanda bəzən uğursuzluqlar da olur və s. Xüsusilə həmin adamlara aiddir. Yaxın əyləşin bə bu yazını yaxşı oxuyun. Əgər səhv bir fikirlə rastlaşsaz, biz tənqidlərə açığıq. Buyurun yazın. 


Yığmamızın Çernoqoriyada göstərdiyi oyun və nəticələr uğursuzluq deyil. Bu tam bir Fiaskodur, bu tam bir biabırçılıqdır! Və bu fiaskonu bizə yaşadan şahmatçılar əaslində bunu bizlərə yaşatmaq üçün kifayət qədər uzun yol keçiblər. 

  

Bu biabırçılığın təməli hələ bu yay Bakıda keçirilən Dünya kuboku yarışları zamanı qoyulmuşdur. İstər kişi, istərsə də qadın şahmatçılarımız onlardan gözlənilən nəticələrin xeyli altında çıxış etməklə, işlərin qaydasında getmədiyinin ilk siqnallarını vermişdilər. Onları sərt tənqidlərdən Nicat Abasovun gözlənilməz uğuru qurtardı. Bütün mətbuat və şahmat ictimaiətinin başı o qədər Nicata qarışdı ki, Şəhriyarın, Teymurun, Günayın və digər şahmatçıların uğursuzluğu unuduldu getdi. Görünən odur ki, Günay Məmmədzadə ölkənin 1 nömrəli qadın şahmatçısı olmaq məsuliyyətini dərk edib, digər qızlarımız da Dünya kubokundakı uğursuz nəticələrindən lazımi nəticələr çıxarıb, özlərini toparlaya biliblər. Nəticə isə hamıya məlumdur. Həmin o uğursuzluqdan cəmi 3 ay sonra qadınlardan ibarət yığmamız Avropa ikincisi oldu. Amma təəsüf ki, eyni sözləri kişi şahmatçılarımıza aid etmək olmaz. Onlar elə Çernoqoriyaya da Bakıdakı hava ilə getdilər. 


Avropa çempionatına reytinq favorit qismində yollanan Azərbaycan komandası, sonda 38 ölkə arasında 18-ci oldu. Belə inanılmaz enişlərə şahmat aləmində çox nadir hallarda rast gəlinir, xüsusilə də komanda yarışlarında. Bəs görəsən bu niyə baş verdi? Kimdir günakar? 


Federasiya?


Əvvəl daha rahat idi. Kiminsə hardasa bir probelmi olan kimi və ya işi düz getməyən kimi, çıxıb bir status yazırdı ki, bəs federasiya belədir, elədir və düşdüyü vəziyyətdən az da olsa çıxırdı. Düzdür o vaxtkı federasiyanın fəaliyyəti də belə “fəndlər” üçün kifayət qədər uyğun idi. Şahmatçılarla və şahmat ictimaiəti ilə düzgün şəkildə qurulmayan münasibətlər və sair kimi məsələlər, qurumu daimi tənqidə açıq vəziyətdə qoymuşdu. Bundan da istifadə edənlər az olmayıb.


Amma indi vəziyət elə deyil. Hər şey çox dəyişib. Federasiyada rəhbər dəyişiklikdən sonra, sözügedən boşluqlar aradan qaldırılıb, qurumda hər zaman çatışmayan effektivlik artırılıb və hazırda qurumun işi göz oxşayır. Müxtəlif yarışlarda qazanılan böyük qələbələr isə, bu işin məntiqi davamı kimi federasiyanın doğru yolda olduğunun təsdiqidir. Bundan əlavə, bizdə olan məlumata görə, hazırda federasiyanın xüsusilə də yığma üzvləri olan şahmatçılarla münasibətləri heç vaxt olmadığı kimi ən yüksək səviyyədə qurulub. Bir sözlə federasiya özündə tənqid yeri qoymayıb. Deməli bu fiaskonu federasiyanın ayağına yazmaq düzgün olmaz. 


O zaman isə cəmi bir variant qalır. Bəli, fərdi uğursuzluq. Yani problem komandada və ya federasiyada deyil, problem o komandada oynayan şahmatçılardadır.


Başlayaq elə əsas günahkar Teymur Rəcəbovdan.


Düzdür, Teymur azərbaycanlı şahmatsevərlərə indiyədək ən böyük sevinc yaşadan şahmatçımızdır. Rəcəbov 2019-cu ildə karyerasının və Azərbaycan şahmat tarixinin ən böyük uğuruna imza ataraq, Dünya Kubokunun qalibi olmuşdur. Bundan əlavə, Teymur son “İddiaçılar Turnirində” də fantastik oyun göstərərək, sonda üçüncü pilləni tutmuşdur. Yani Teymur Rəcəbovun necə bir güclü şahmatçı olduğu hamıya məlumdur. 


Teymurun yalnız bir zəif yeri var, o da yığma komandadır. Artıq bir neçə ildir ki, Rəcəbov yığmaya gəlməkdən ya boyun qaçırır, ya da gəlib könülsüz çıxış edir. Hətta ötən il belə bir xəbər də yayılmışdır ki, Rəcəbov Azərbaycan yığmasının heyətində çıxış etməkdən imtina etməyə hazırlaşır. Yalnız o vaxt həmin söhbət rəsmi şəkildə təsdiqini tapmadığından, söhbət elə şaiyə səviyyəsində qaldı.


Amma necə deyərlər od olmayan yerdən tüstü çıxmaz. 


Elə həmin tüstünün nəticəsidir ki, Teymur Rəcəbov Azərbaycan yığmasının heyətində Avropa çempionatına yollanır və orada keçirdiyi yeddi oyundan bir qələbə belə qazanmadan cəmi 2.5 xal toplayır. Bu yerdə adama sual verərlər - Nəyə gəlmişdin? Yığmada oynamaq istəmirsənsə çıx açıq şəkildə imtina et. Federasiya da, azarkeş də, hamı bilsin ki, bu adam artıq bu ölkənin yığmasında oynamaq istəmir. Amma əgər bunu etməyib gəlirsənsə, zəhmət çək adına layiq şəkildə oyna və burada təkcə özünü yox, Azərbaycanı da təmsil etdiyini də bir an belə unutma. 


Təsəvvür edin, Teymur Rəcəbov fərdi hesabda 1-ci taxta şahmatçılar arasında xal sayına görə 30 nəfərin içində 30-cu, reytinq performansına görə isə 29-cu yeri tutub!!! Reytinq performansına görə, Rəcəbov yalnız Finlandiya şahmatçısı Toivo Keynaneni qabaqlaya bilib. 


Təsəvür edirsiz? 


Bu nəticə adamı dəhşətə gətirməyə bilməz. Belə çıxır ki, Rəcəbov Çernoqoriyaya yalnız federasiya hesabına gəzintiyə gedib. Buna başqa ad qoymaq olmaz. Bu səviyədə şahmatçı nə qədər zəif oynasa da, nə qədər formadan uzaq olsa da, belə bərbad nəticə göstərməyi mümkünsüzdür. Amma Rəcəbov bunu bacardı!!!  


Teymur Rəcəbovun Avropa çempionatındakı çıxışına yekun olaraq söyləmək olar ki, sössüz ki, məhz o yığma komandamızın bu cür uğursuzluğunun əsas və baş səbəkarıdır. 


Problem təkcə Teymurda olsaydı nə var idi ki. Daha bir bərbad çıxış Şəhriyar Məmmədyarovdan gəldi. Şah bu dəfə keçirdiyi oyunların böyük əksəriyyətini 2-ci taxtada keçirib və bu ona əlavə üstünlük qazandırmalı idi. 


Bəli, idi... 

Amma qazandırmadı.


Alışdığı 1-ci taxtadakından nisbətən zəif rəqiblərlə qarşılaşan Məmmədyarov, reytinq performansına görə 2-ci taxta şahmatçıları arasında yalnız 14-cü oldu!!! 


Məmmədyarov oynadığı yeddi oyundan cəmi 4 xal toplayaraq yığmanın bu uğursuzluğunda öz payını da qatmış oldu. 


Məmmədyarov kimi şahmatçı 2446 reytinqə malik olan moldovalı beynəlxalq usta (İM) Andrey Makovey üzərində belə qələbə qazana bilməyib. 


Yeri gəlmişkən məhz həmin oyunu yığmamızın AÇ-da ən uğursuz matçı adlandırmaq olar. Yığmamız özündən həm heyətinə, həm də reytinqə görə xeyli zəif olan Moldova yığmasına 1:3 hesabı ilə məğlub olmuşdu. Moldovaya qarşı matçda Rəcəbov və Məmmədyarov öz partiyalarının heç-heçə, Rauf Məmmədovla Vasif Durarbəyli isə məğlubiyyətlə başa vurmuşdurlar. Onu da xatırladaq ki, yeddinci turda oynanılan bu qarşılaşmadan öncə, komandamız daha bir nisbətən zəif rəqib olan Yunanıstan komandasına məğlub olmuşdur. Açıq görünür ki, 6 və 7-ci turlar komandamız üçün qırılma anı oldu. Bəlkə də Çernoqoriyaya yığmamızın kapitanı qismində yollanan Qədir Hüseynov həmin oyunlara daha düzgün taktika və heyət seçsəydi, indi hər şey daha fərqli idi. Amma nə etmək olar? Olan oldu! 


Təəsüf ki, yığmamızın faciəsi yalnız Rəcəbov və Məmmədyarovun bərbad çıxışı ilə də bitmir. 


Daha bir faciəni bizlərə gənc ümidimiz olan Nicat Abasov yaşatdı. Nicat yayda Bakıda keçirilən Dünya kubokunda dördüncülük qazandıqdan sonra, qatıldığı elə ilk ciddi sınaqdan üzü ağ çıxa bilmədi. 


Abasov AÇ-da keçirdiyi yeddi oyunudan cəmi 3 xal toplaya bilib. Onu da xüsusi qeyd edək ki, Abasov bütün oyunlarını 3 və 4-cü taxtalarda keçirib. Dünya Kubokunun dördüncüsü olmuş biri üçün AÇ-da 3 və 4-cü taxtalarda oynadığı yeddi partiyada yalnız 3 xal qazanması, yumşaq desək ona heç yaraşmadı. 


Təsəvvür edin, Nicat Abasov turnirin gedişində 2472 reytinqə sahib olan slovak beynəlxalq usta (İM) Yuray Druşka və hətta Fide ustası olan (FM) 2322 reytinli belçikalı Lenert Lenertsı məğlub edə bilməmişdir. Hər iki partiya bərabərliklə nəticələnmişdir.  


Məsələnin başqa bir tərəfi isə ondan ibarətdir ki, Nicatı gələn il böyük ehtimalla “İddiaçılar turnirində” iştirak gözləyir. Avropa çempionatında 3-cü taxtada uğur qazana bilməyən bir şahmatçının “İddiaçılar turnirində” nə işlə məşqul olacağı çox maraqlıdır. Nicata bu oyunu ilə ona nəinki nəyəsə ümid etmək, həmin turnirdə ümumiyyətlə biabır olmaq da çətin olmaycaq.


Nicat Avropa çempionatındakı  çıxışını ciddi şəkildə təhlil edib, “İddiaçılar turnirinə” tamam başqa bir Nicat cildində getməlidir. Ümid edək o bunu bacara biləcək. 


Qitə biriniciliyində yalnız Rauf Məmmədov və Vasif Durarbəylini nəticələrini nisbətən kafi qiymətləndirmək olar. Kafi deyəndə, onların çıxışı qənaətbəxş olmağına anlamına gəlmir. Sadəcə Teymur, Şəhriyar və Nicatdan fərqli olaraq onlara beşballıq şkala ilə yağlı “2” yox, hardasa “3” yazmaq olar.  Onların da çıxışı idealdan uzaq olsa da (Rauf 8 oyundan 5.5 xal, Vasif isə yeddi oyundan 4.5 xal), “Teymur və onun komandası” qədər biabırçı da olmadı. 


Bizim şahmatın “flaqmanlarının” karyeralarının qürub çağında belə bir məsuliyyətsiz çıxışı sössüz ki, federasiya üçün də ciddi siqnal oldu. 


Ümid edək ki, növbəti Avropa və Dünya çempionatlarında Azərbaycan yığması daha gənc və istəkli şahmatçılarla yollanacaq. İstək olan yerdə isə, nəticə də olacaq. 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss